Tibbi xidmətlərin əlçatanlığı üçün bütün mümkün resurslardan istifadə olunmasına ehtiyac var – Soltan Məmmədov

Əlavə resursların cəlb olunması tibbi xidmətlər zərfinin əhatə
dairəsinin genişlənməsinə də stimul yarada bilər. Bu, xüsusilə
sosial həssas qruplardan olan vətəndaşların mənafeləri baxımından
çox vacibdir. Çünki bəzi hallarda bu kateqoriyadan olan vətəndaşlar
zərfə daxil olmayan tibbi xidmətlərdən istifadə etməkdə çətinliklə
qarşılaşır.

Trend xəbər verir ki, bunu deputat Soltan Məmmədov parlamentin
bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna
dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, “Tibbi sığorta haqqında” qanuna təklif
olunan dəyişiklilklərin məqsəduyğun olduğunu hesab edir.

“İdxal olunan aksizli mallar üzrə icbari tibbi sığorta
haqlarının ödənilməsinə nəzarət mexanizminin yaradılması düşünürəm
ki, Azərbaycanda yeni tətbiq olunan icbari tibbi sığorta sisteminin
təkmilləşdirilməsi baxımından çox mühüm əhəmiyyətə malikdir.
Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin
icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan
tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi
prosedurunun başlanması ilə bağlı dəyişiklik də fikrimcə, günün
tələblərinə uyğundur. Bu prosedurun tətbiqi üçün icbari tibbi
sığorta sisteminin tətbiqi ilə bağlı qarşıda duran vəzifələrin tam
şəkildə yerinə yetirilməsi zəruridir. Ona görə də hesab edirəm ki,
təklif olunan dəyişiklik yerinə düşür”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, tibbi xidmətlərin əlçatanlığının təmin
olunması, eyni zamanda, əhatə darisəsinin genişləndirilməsi üçün
bütün mümkün resurslardan istifadə olunmasına ehtiyac var. Söhbət
əhalinin, vətəndaşların sağlamlığından gedirsə burda dəqiq və
praktik mexanizmlər tətbiq olunmalıdır. Nazirlər Kabinetinin
2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 tibbi xidmət daxil
edilib.

“Əlavə resursların cəlb olunması tibbi xidmətlər zərfinin əhatə
dairəsinin genişlənməsinə də stimul yarada bilər. Bu, xüsusilə
sosial həssas qruplardan olan vətəndaşların mənafeləri baxımından
çox vacibdir. Çünki bəzi hallarda bu kateqoriyadan olan vətəndaşlar
zərfə daxil olmayan tibbi xidmətlərdən istifadə etməkdə çətinliklə
qarşılaşır. Bu səbəbdən ümüd edirəm ki, əlavə maliyyə daxilolmaları
zərfə daxil olan tibbi xidmətlərin sayının davamlı artırılmasına
xidmət edəcəkdir.

Bir mühüm məsələni də vurğulamaq istərdim ki, icbari tibbi
sığorta sistemi Azərbaycan üçün tamamilə yenilikdir. Bu baxımdan
əhalinin daha çox maarifləndirilməsinə ehtiyac var. Azərbaycanda
icbari tibbi sığortanın tətbiqi vətəndaşlar üçün səhiyyə
xidmətlərinin əlçatanlığının təmin olunması və keyfiyyətinin
artırılması baxımından çox geniş imkanlar açır. Bu sahədə
insanların maarifləndirilməsi, daha müfəssəl məlumat almasınının
təmin edilməsi üçün müvafiq dövlət qurumları, o cümlədən Səhiyyə
Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və
digər qurumlar tərəfindən mütəmadi maarifləndirmə işləri aparılır.
Bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinə ehtiyac var”,
– deyə S.Məmmədov qeyd edib.

Deputat vurğulayıb ki, təklif olunan tibbi xidmətlər barədə
vətəndaşların heç də hamısı yetərincə məlumatla malik olmur.

“Ona görə də hesab edirəm ki, həm kütləvi informasiya
vasitələri, həm qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti
institutları bur prosesdə daha fəal iştirak edə bilər. Bu, həm
ölkəmiz üçün, dövlətimiz üçün, həm də vətəndaşlarımız üçün çox
vacib əhəmiyyət daşıyır.

İcbari tibbi sığorta sisteminin tətbiqi hər bir vətəndaş üçün
tibbi xidmətlərin alınması prosesini daha çevik, əlçatan və
effektiv etməyə imkan yaradır. Bu baxımdan, tibbi sığortanın
tətbiqi ilə bağlı hüquqi mexanizımlərin təkmilləşdiriıməsi prosesi
davamlı olmalıdır. Eyni zamanda, yeni sistemin vətəndaşa verdiyi
üstünlüklər, onun tətbiqi prosesində meydana çıxan çətinliklər,
nöqsanlara ictimai nəzarət də güclü olmalıdır.

Əlbəttə icbari tibbi sığortanın tətbiqi ilə bağlı tibbi
xidmətlərdə dəyişikliklərin tətbiqi təbii olaraq xeyli zaman tələb
edir. İnfrastrukturun yeni sistemin tələblərinə uyğunlaşdırılması,
kadr potensialının gücləndiriılməsi istiqamətində görüləsi işlər
çoxdur. Lakin ən mühüm məsələlərdən biri də əhalinin
məlumatlılığının artırılmasıdır. Buna görə də vətəndaşlar onların
bilavasitə sağlamlığı ilə bağlı olan bu prosesin uğurla həyata
keçirlməsində maraqlı tərəf kimi yüksək fəallıq və həmrəylik nümayş
etdirməlidir”, – deyə S.Məmmədov əlavə edib.

Teqlər: