Tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinə nəzarət daha da gücləndirilməlidir – Rauf Əliyev

Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri əlilliyin müəyyən edilməsi və əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin tibbi-sosial ekpert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Xidmət elektron müraciət və nəticənin elektron təqdim edilməsi üsulu ilə göstərilir. Xidmətin elektronlaşdırılması bu sahədə bir sıra xoşagəlməz halların aradan qaldırılmasına, şəffaflığa nail olunmasına imkan yaratmışdır. Bu tədbirlərin nəticəsində son illərdə təyin olunan ilkin və təkrar əlilərin sayında azalma müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi məlumatlara görə, 2020-ci ildə cəmi 25383 nəfərə əlillik təyin edilmişdir ki, bu da 2019-cu ilə nisbətən 43% az olmuşdur. Ümumi əlillik təyin olunanlardan 13204 nəfəri ilkin təyin olunanlar olmuşdur. Bu rəqəm 2019-cu ilə nisbətən 53% az təşkil etmişdir. Təkrar əlillik təyin olunanların sayı 12179 olmuşdur ki, bu da 2019-cu ilə nisbətən 27% azdır.

Bütün bunlara baxmayaraq, bu sahədə çatışmazlıqlar hələ də qalmaqdadır. Vətəndaşlar əlillyin təyin olunmasında bəzi hallarda süründürməçiliyə yol verildiyindən, bəzi hallarda düzgün qiymətləndirmə edilmədiyindən şikayətlənirlər. Bu günlərdə isə bir sıra KİV-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin fəaliyyətində aşkar olunmuş cinayyət əməlləri barədə məlumatlar yayılmışdır. Belə faktları oxuyanda insan ancaq təəssüf hisləri keçirir. Bir tərəfdə koronavirus pandemiyasına qarşı mübarizədə ilk sırada duran, insanların sağlamlığı uğrunda həyatlarını qurban verən, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində əsgərlərimizin həyatı uğrunda gecə-gündüz çalışan, hələ indi də bu fəaliyyətlərini davam etdirən və böyük hörmətə layiq həkimlərimiz, tibb personalımız, digər tərəfdə hərəkətləri ilə tibb işçisi adına, məmur adına ləkə gətirənlər…

Baş verənlər onu deməyə əsas verir ki, əlilliyin təyin edilməsi sistemi elektronlaşsa da, təkmilləşdirilsə də insan amili yenə əsasdır. Ancaq işçilərin hər birinin öz işini sədaqətlə, vicdanla yüksək professionallıqla yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud qanunvericiliyin tələblərinə tam şəkildə riayət olunmasına nail olmaq olar.

Mətbuatda qeyd olunanlar göstərir ki, hələ cəmiyyətimizdə saxta yolla əlillik almaq istəyənlər də, onlara bu məqsədlərinə çatmaq üçün köməklik gəstərənlər də var. Ona görədə bu sahədə, xüsusi ilə Tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinə nəzarət tədbirlərini daha da gücləndirmək lazımdır. Eyni zamanda, bu istiqamətdə maarifləndirmə tədbirlərini genişləndirmək və gücləndirmək lazımdır.

Rauf Əliyev
Milli Məclisin deputatı

Teqlər: