Tibb işçilərinin güzəştli ipoteka ala bilməsi üçün təkliflər hazırlanıb

Agentlik tibb işçilərinə güzəştli ipoteka kreditlərinin
verilməsi ilə bağlı təklif hazırlayıb.

Trend xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən
şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb
işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb. “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına
ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin
verilməsi Qaydası”na təklif olunan dəyişikliklər tibb işçilərinin
mənzilə olan tələbatının ödənilməsi və onların mənzil-məişət
şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin sözlərinə görə,
təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə
etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb
müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni
zamanda gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka
kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb
müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli
sürülüb.

Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim
olunub. Sənəd qəbul olunduğu təqdirdə dövlət orqanlarının
(qurumlarının) nəzdindəki tibb müəssisələrində çalışan həkimlər,
orta və kiçik tibb işçiləri (tibb müəssisəsinin rəhbəri istisna
olmaqla) güzəştli ipoteka kreditindən yararlanmaq imkanı əldə
edəcəklər.

Teqlər: