Xəbər verdiyimiz kimi, avqustun 30-da Türkiyənin paytaxtı Ankarada ilk dəfə dünyanın ən böyük aerokosmik və texnologiya festivalı – “Texnofest” keçirilib.
AzerTimes xəbər verir ki, festivalda Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən millət vəkili Rümeysa Kadak da iştirak edib.
Deputat Azərbaycana məxsus “Furkanoğlu” firmasının “Dəmir Yumruq” Stendini və “Muay Thai” Federasiyasının prezidenti Araz Musayevi ziyarət edib. O, “Furkanoğlu” şirkət rəsmilərini Türkiyə Böyük Millət Məclisinə dəvət edib.
Araz Musayev “Bayraqdar TB2” ilə Azərbaycanda 2-ci Qarabağ Müharibəsində göstərdiyi dəstəyə görə “Baykar” şirkətinə təşəkkür edib. Federasiya prezidenti “Bir millət, iki dövlət” şüarı ilə keçirilən “Texnofest”ə dəstək verməyə borclu olduqlarını da qeyd edib.
“Dəstəklədiyimiz layihələrdən biri olan “Atlas C1” silahı 55-60 metr hündürlüyə çata bilən müəyyən koordinata bomba ataraq hədəfi və ya terrorçunu məhv edə bilir. “Atlas C1” avtonom şəkildə havaya qalxır, hədəfi məhv edir və yenidən avtonom şəkildə enir. Stendimizdə 4 pilotsuz uçuş aparatı layihəsini sərgilədik”- deyə, Araz Musayev sərgi barədə məlumat verib.
Qeyd edək ki, tədbir Etimesgut Hava Limanında təşkil olunub və sentyabrın 3-nə qədər davam edəcək.