Xəbər - Samir Əli – Trend:
Sabunçu rayon Məhkəməsinin inzibati binasında Kəlbəcərdə
terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı –
Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi
davam edib.
AzerTimes-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin
hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə
təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib.
Daha sonra İşxan Sarqsyan və Vladimir Rafelyan son söz
deyib.
Məhkəmə kollegiyasının hökmünə əsasən, İşxan Sarqsyan 19 il,
Vladimir Rafelyan isə18 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə həmçinin qeyd edilib ki, hər iki şəxs cəzaların 9 ilini
həbsxanada, qalan cəzanı isə ciddi rejimli cəzaçəkmə müəssində
çəkəcəklər.
Hər iki şəxs cəzalarını başa çatdırdıqdan sonra Azərbaycan
hüdudlarından məcburi qaydada çıxarılacaq.
Xatırladaq ki, prokuror çıxışında İşxan Sarqsyanın 20 il,
Vladimir Rafelyanın isə 19 il azadlıqdan məhrum edilməsini
məhkəməyə təklif edib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan
istintaqla müəyyən edilib ki, Ermənistan Müdafiə Nazirliyinin
xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan
İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən
Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03
radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər
rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya
olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər
rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər
keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən
edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə
keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli
ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu
silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə
etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci
(qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə)
maddələri ilə ittiham elan edilib.