NEQSOL Holding Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsinə dəstəyini şərh edib

NEQSOL Holding Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsinə
dəstəyini şərh edib

Trend-dən daxil olan sorğuya cavab olaraq NEQSOL Holding
bildirir ki, Ukraynadakı vəziyyətlə əlaqədar holdinq Azərbaycan
vətəndaşlarının təxliyəsinə dəstək göstərir. Təxliyə üzrə işlər
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin himayəsi altında,
Ukraynada və qonşu ölkələrdəki Azərbaycan səfirlikləri və
konsulluqları, eləcə də Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu
ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Vətəndaşların qayıtmasını təmin etmək üçün NEQSOL Holding və
onun tərkibində olan Bakcell və Norm şirkətləri tərəfindən təyyarə
reysləri təşkil olunub və 28 fevral tarixindən etibarən həyata
keçirilməkdədir. Humanitar dəstək çərçivəsində vətəndaşlar pulsuz
uçuş biletləri ilə təmin olunur.

Qeyd edək ki, bu reyslər Azərbaycan Hava Yolları (AZAL)
tərəfindən təşkil edilən uçuşlara əlavə olaraq həyata
keçirilir.


NEQSOL Holding həmçinin Ukraynanın Kiyev və Xarkov şəhərlərindən
2400-dən çox Azərbaycan vətəndaşının və 185 Türkiyə vətəndaşının
dəmir yolu nəqliyyatı ilə Rumıniyanın paytaxtı Buxarest şəhərinə
təxliyəsini təşkil edib.

Hazırda təxliyə üzrə işlər davam etməkdədir.

Teqlər: