Temperatur yüksələcək, təcili tədbirlər görülməlidir

Temperatur yüksələcək, təcili tədbirlər görülməlidir

İqlimşünaslar havaya atılan zərərli qazların həcminin hazırkı səviyyədə qalacağı və ya artacağı halda Yer kürəsində temperaturun “Selsi” şkalası üzrə 1,5 dərəcə yüksəlməsi ehtimalını 50 faiz səviyyəsində proqnozlaşdırlar.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın Exeter Universitetinin mətbuat xidməti məlumat yayıb.

“BMT-nin İqlim Konfransının iştirakçıları Yer kürəsində temperaturun 1,5 dərəcə və ya daha çox yüksəlməsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”, – universitetin mətbuat xidməti professor Pyer Fridlinqştaynın bu sözlərini sitat gətirib.

2015-ci ilin dekabrında qlobal istiləşmə ilə mübarizə üzrə imzalanmış Paris sazişi çərçivəsində iştirakçı ölkələr orta illik temperatur artımını hazırkı səviyyədə saxlamaq üçün yaxın onilliklər ərzində havaya atılan karbon qazının səviyyəsini azaltmağı öhdələrinə götürüb. Bundan əlavə, sazişdə iştirak edən ölkələr atmosferdən karbon qazını aktiv şəkildə udan meşələrin və digər təbii ekoloji sistemlərin sürətli bərpası üçün planlar hazırlayıb. Lakin iqlimşünaslar bu tədbirlərin kifayət etməyəcəyini düşünürlər. Onların fikrincə, bunun üçün bəşəriyyət havaya atılan zərərli qazları sıfıra endirməli və hətta atmosferdən karbon qazını çıxarmağa başlamalıdır.

Tədqiqatçılar hesab edirlər ki, görülən bütün tədbirlərə baxmayaraq, artıq birinci onillikdə Paris sazişinin əsas məqsədi iflasa uğraya bilər. Onlar 2022-ci ildə havadakı istixana effekti yaradan qazların səviyyəsinin ölçərkən bu nəticəyə gəliblər. Məlum olub ki, həmin göstərici ötən ildən başlayaraq sürətlə artmağa davam edib. Belə ki, karbon qazının atmosferə atılma həcmi 40,6 milyard tona çatıb ki, bu da ötən illə müqayisədə bir faiz çoxdur.

Eyni zamanda, mədən yanacağının yandırılması səbəbindən atmosferə atılan karbon qazının miqdarı 2020-ci illə müqayisədə təxminən 5,1 faiz artıb. Mövcud iqtisadi qeyri-sabitlik və epidemioloji vəziyyət sənaye və energetika sahəsində karbohidrogenlərdən istifadənin artmasına səbəb olub.

Proqnozlara əsəsən, vəziyyətin belə davam edəcəyi təqdirdə 2030-cu ilə qədər qlobal temperatur 1,5 dərəcə yüksələ bilər.

Teqlər: