Telefonunuza belə mesajlar gəlsə, ALDANMAYIN! (FOTO)

Azərbaycanda bir çox vətəndaşın mobil telefonuna Daxili İşlər
Nazirliyi (DİN) adından SMS göndərilərək 80 manat cərimə edilmələri
barədə xəbərdarlıq gəlir.

Guya DİN-nin adından gələn xəbərdarlıqda bildirilir ki,
istifadəçinin xətti pedofiliya elementləri, zorakılıq və
homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə girdiyi
üçün blok olunur.

Qeyd edilir ki, bloku ləğv etmək üçün istifadəçi göstərilən
nömrəyə 80 manat cərimə ödəməlidir. Cərimənin ödənilməsi üçün isə “E-manat”, “Easypay” ödəniş sistemində pul kisəsi ünvanı
göstərilir.

“Cərimənin ödənilməsindən imtina etdiyiniz və ya cəriməni
ödəmədən bloklanmanı açmağa cəhd etdiyiniz halda, həbs olunmağınız
üçün yaşayış yerinizə dərhal istintaq-əməliyyat qrupu
göndəriləcək”, – deyə xəbərdarlıqda bildirilir.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin
rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, belə
dələduzluq halları tez-tez müşahidə edilir.

“Daxili İşlər Nazirliyinin adından göndərilən belə mesajlar
həqiqətə uyğun deyil. Bütün belə mesajlar yalandır”, – deyə
E.Hacıyev bildirib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi pornoqrafik
materialların yer aldığı saytlara girişi qadağan etmir, sadəcə
azyaşlıların pornoqrafik görüntülərinin çəkilməsi, yayılması,
izlənilməsi cinayət məsuliyyətinə səbəb olur.

Teqlər: