Azərbaycanda TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya
festivalında iştirak üçün minə yaxın müraciət daxil olub.
Bunu AzerTimes-a TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya
festivalının Azərbaycan ofisinin yarışlar üzrə baş meneceri Zeynəb
Babayeva deyib.
Onun sözlərinə görə, TEKNOFEST çərçivəsində yarışların birinci mərhələsi
artıq başa çatıb.
“Hazırda münsiflər heyəti qeydiyyatdan keçmiş komandaların iş və
layihələrini qiymətləndirir. Eyni zamanda, artıq səkkiz istiqamət
üzrə qeydiyyat prosesi başa çatıb, iki istiqamət üzrə (Smart
Qarabağ və Baku Open Cyber Cup) isə iştirakçıların və komandaların
qeydiyyatı davam edir. Bu iki müsabiqə üçün son qeydiyyat günü
aprelin 1-i təyin edilib”, – deyə o bildirib.
O, həmçinin qeyd edib ki, martın 18-19-da müsabiqənin birinci
mərhələsindən ikinci mərhələsinə keçən komanda və iştirakçıların
siyahısı açıqlanacaq.
“İkinci mərhələdə iştirakçılar video formatda öz layihələrinin
təqdimatını etməli, “Baku Crystal Hall”da keçiriləcək finalda isə
öz layihələrinin prototipini nümayiş etdirməlidirlər. Bütün
müsabiqələr arasında ən fərqlisi “Baku Skills” müsabiqəsidir ki,
burada yarış tapşırıqlar əsasında keçir. Bu müsabiqənin
iştirakçılarının final mərhələsində münsiflər heyəti tərəfindən
veriləcək müəyyən tapşırığı yerində icra etməsi planlaşdırılır”, –
baş menecer deyib.
Z.Babayeva bildirib ki, pilotsuz uçuş aparatları (PUA) və peyk
modellərinin hazırlanması ilə bağlı üç müsabiqə növü də var.
“Mayın 17-19-da, bu müsabiqənin birinci mərhələsində münsiflər
heyəti PUA-ların hərəkət qabiliyyətini qiymətləndirəcək. Bu
mərhələdən sonra finalçılar müəyyən ediləcək və “Baku Crystal
Hall”a dəvət olunacaq”, – o qeyd edib.
Onun sözlərinə görə, müsabiqələrin bütün iştirakçıları
sertifikat, pul və digər dəyərli mükafatlarla təltif
olunacaqlar.
“Biz əminik ki, Azərbaycanda TEKNOFEST-in keçirilməsi ölkədə
texnologiyaların inkişafı üçün əlavə stimul olacaq. Həmçinin,
iştirakçılarımız öz layihələrinin təqdimatları üçün böyük təcrübə
qazanacaq. Bundan başqa, biz TEKNOFEST-in Türkiyə ofisi ilə əməkdaşlıq çərçivəsində
birgə ideyalar sərgisi yaradacağıq”, – deyib.
Z.Babayeva əlavə edib ki, müsabiqənin bütün iştirakçılarının
xarici investorların iştirak etdiyi “Take Off Summit” beynəlxalq
platformasında iştirakı üçün şərait yaradılacaq.
Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı
mütəxəssislərdən ibarətdir.
“Teknofest”
tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və
“Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın
rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə
təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali
məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən
hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.
Trend
İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.
(Tərcümə: Orxan Nəbiyev)