“Teknofest” çərçivəsində “Smart Qarabağ” Hakatonuna start verilib (FOTO)

Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə
vəsiqə qazanaraq mübarizəyə başlayır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Türkiyə
Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və
Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26-29 mayda
Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan”
Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Smart Qarabağ”
Hakatonu təşkil olunur. Azərbaycan və Türkiyə təmsilçilərindən
ibarət 30 komanda finalda mübarizə aparmaq hüququ qazanaraq
işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası
istiqamətində “Ağıllı həllər” təklif edəcəklər.

“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov
iştirakçıları salamlayaraq “Smart Qarabağ” Hakatonunun əhəmiyyəti
barədə ətraflı məlumat verib.

Elxan Əzizov bildirib ki, bu hakatonun keçirilməsində əsas
məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazilərində “Ağıllı şəhər”
həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji
təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit
ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli
şəraitin qurulmasına töhfə verməkdir.

Qeyd edilib ki, hakatonun finalçıları arasında 20 Azərbaycan və
10 Türkiyə komandası mübarizə aparır. Hər bir komandaya hakatonun
anbarında mövcud olan avadanlıqların və proqramların
spesifikasiyası təqdim olunub və fasiləsiz olaraq 50 saat davam
edəcək marafona start verilib.

Finalçılar iş prosesində əşyaların interneti (Internet of
things), tətbiqi proqramlaşdırma interfeysi (Application
Programming Interface), süni intellekt (Artificial Intelligence),
bulud hesablama xidmətləri (Cloud Computing Services), idarəetmə
panelləri (Dashboards), maşın öyrənməsi (Machine Learning),
maşınlararası qarşılıqlı əlaqə (Machine-to-Machine Communications),
“Mesh” şəbəkələr (Mesh Networks) və digər texnologiyaların
üstünlüklərindən faydalanırlar.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: