Bakı metropoliteni “Teknofest”lə bağlı iş rejiminə dəyişikliklər edəcək

Türkiyənin “Teknofest” Aviasiya, Kosmos və Texnologiya
Festivalının 2022-ci il may ayının 26-29-u aralığında ilk dəfə
Azərbaycanda keçirilməsi və bu tədbirlərə xüsusi marağı nəzərə
alaraq, Bakı metropoliteninin iş rejimində də müvafiq dəyişikliklər
ediləcək.

Metropolitendən AzerTimes-a
verilən məlumata görə, “Teknofest Azərbaycan” tədbiri, əsasən, “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçiriləcək.
Bu səbəbdən Bakı metropoliteninin “28 May”, “Sahil”, “İçərişəhər”
və “Nizami” stansiyalarının gücləndirilmiş iş rejimində müvafiq
dəyişikliklər ediləcək. Tədbirlə əlaqədar bu stansiyalarda əlavə
işçi personalı ayrılmaqla xüsusi növbətçilik cədvəli tərtib
olunacaq.

Festival iştirakçılarının və izləyicilərinin rahatlığını təmin
etmək məqsədilə tədbirin keçiriləcəyi 28 və 29 may tarixləri
Azərbaycanda bayram və istirahət günləri olsa da, qatarların
hərəkətinin, adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə
tətbiq edilməsi qərara alınıb.

Bununla yanaşı, festival günlərində də ehtiyat qatarlar daim
hazır saxlanılacaq. Sərnişin axınının mümkün sıx saatları
tədbirlərin proqramına uyğun müəyyən olunub. Buna müvafiq olaraq
ehtiyat qatarların xəttə buraxılmasının nizamlanmış qaydası planı
tərtib edilib.

“Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət edən
sərnişinlərin diqqətinə çatdırılır ki, qeyd edilən günlərdə
qatarların hərəkət cədvəli iş günləri qrafikinə uyğun
tənzimlənəcək.

Festivalın təşkilat komitəsi ilə əldə olunmuş qarşılıqlı razılıq
və əməkdaşlıq planına əsasən tədbirlərin keçiriləcəyi günlərdə “28
May”, “Sahil” və “İçərişəhər” stansiyalarında ikinövbəli olmaqla,
könüllülər sərnişinlərin xidmətində olacaq. Onlar
metropolitençilərlə birlikdə sərnişinlərə gediş haqqının
ödənilməsi, istiqamət və səmtin müəyyənləşdirilməsi, habelə digər
faydalı məlumatların verilməsini təmin edəcəklər. Bununla əlaqədar
festivalın təşkilat komitəsində fəaliyyət göstərən könüllülər
arasından seçilmiş namizədlərlə təlimatlandırma işi aparılıb.

Teqlər: