“TEKNOFEST” Azərbaycan-Türkiyə birliyinin daha bir təntənəsi idi – Kamaləddin Qafarov

“İki dost və qardaş ölkə, strateji müttəfiqlər olan Azərbaycan
və Türkiyə öz birliklərinin sarsılmazlığını növbəti dəfə bütün
dünyaya nümayiş etdirdilər. Mayın 26-29-da Bakıda ilk dəfə
keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya
Festivalı bu birliyin daha bir bariz təzahürü oldu. Azərbaycan
Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın bu festivalda, həmçinin paytaxtda 7 saylı “ASAN xidmət”
mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında birgə iştirakı əsl
qardaşlıq nümunəsi kimi dünyaya təqdim edildi.” Bu sözləri mətbuata
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, bu möhtəşəm tədbir eyni zamanda
ölkələrimizin və xalqlarımızın gələcək inkişafını təmin edəcək
etibarlı bazanın formalaşdırılması baxımından da böyük əhəmiyyət
kəsb etdi: ““TEKNOFEST Azərbaycan” festivalının daha bir özəlliyi
də ondadır ki, bu tədbirdə gənc nəslin ölkələrimiz arasında olan
qardaşlığa hansı töhfələr verə biləcəyi də aydın şəkildə öz
təzahürünü tapdı. Mahiyyət etibarı ilə “TEKNOFEST”-in əsasında
duran əsas ideya özündə müstəqillik, qardaşlıq, elm və müasirlik
kimi vacib amilləri ehtiva edir. Bu gün həm Azərbaycanın, həm də
Türkiyənin bu qabaqcıl yenilikləri uğurla tətbiq etməkdə qərarlı və
bacarıqlı olmaları artıq heç kəsdə şübhə doğura bilməz.
Azərbaycanın apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük
Vətən müharibəsi də müasir texnologiyaların ağıl və cəsarətlə bir
araya gəldiyi zaman əldə edilə bilməyəcək heç bir nəticənin
olmadığını bütün dünyaya göstərdi. Məhz bu səbəbdən də
ölkələrimizin texnologiyalar sahəsində dayanıqlı inkişafı hazırda
bütün dünyanın diqqətini cəlb edir. Prezident İlham Əliyevin dediyi
kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə
güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.
Həqiqətən də Azərbaycan xalqı üçün son dərəcə önəmli olan bir
gündə, 28 May-Müstəqillik Günündə Azərbaycan və Türkiyə
Prezidentlərinin birlikdə olmaları hər iki ölkənin parlaq
gələcəyinin ən böyük təminatıdır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın
festivalda çıxışı zamanı ötən illərin sınaqlarında inkişaf edərək
zirvəyə ucalmış qardaşlıq salnaməsinin önəmli səhifələrini
xatırladaraq demişdir:” 1915-ci ildə Çanaqqalada,1918-ci ildə
Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və
biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.”

Millət vəkili vurğulayıb ki, tarixi Şuşa Bəyannaməsinin
imzalanmasından sonra Türkiyə və Azərbaycan münasibətləri artıq
rəsmi olaraq müttəfiqlik zirvəsinə ucaldı: “Möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Şuşa Bəyannaməsi
Azərbaycan və Türkiyə arasında strateji əhəmiyyət kəsb edən bütün
əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən, beynəlxalq
müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət
əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin
Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə,
Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub.
Müttəfiqlik Bəyannaməsi ölkələrimizin imkanlarını birləşdirdi”.

Kamaləddin Qafarov sonda festivalın siyasi əhəmiyyətini qeyd
edərək deyib: “Teknofest Azərbaycan” festivalının daha önəmli bir
cəhəti də Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə
olduğunun və getdikcə daha da şaxələndiyinin və möhkəmləndiyinin
bütün dünyaya nümayişi oldu. Azərbaycan Prezidenti cənab İlham
Əliyev festivalda etdiyi çıxışında məhz bu məqamı xüsusi olaraq
vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ötən əsrin 90-cı
illərinin əvvəlində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən
sonra ötən illər ərzində qardaş Türkiyə daim ölkəmizin, xalqımızın
yanında olub. Biz hər zaman bu qardaşlıq dəstəyini hiss etmişik, bu
gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir
yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün
inkişaf yolunun əsas istiqamətidir. Azərbaycan və Türkiyə daim
bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin
günlərdə də hər zaman bir-birinin yanında yer alırlar. Prezident
İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türkiyə və Azərbaycan
yanaşı inamla addımladıqca, bölgəmizdə sülh və əmin-amanlıq da
möhkəm və sarsılmaz olacaq”.

Teqlər: