“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək müsabiqələrin ilk mərhələsinin nəticələri açıqlanıb

TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya
Festivalına hazırlıq çərçivəsində texnologiya müsabiqələrinin ilk
mərhələsinin nəticələri məlum olub.

AzerTimes-ın məlumatına görə,
orijinallığı ilə seçilən və kommersiyalaşdırıla bilən innovativ
layihələr müsabiqənin 2-ci mərhələsinə keçid alıb.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı
Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya
Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may
tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.

Müsabiqələrdə iştirak etmək üçün 1000 komanda, ümumilikdə isə 5
min məktəbli, tələbə və fərdi sahibkar qeydiyyatdan keçiblər. Bütün
müsabiqələr üzrə təqdim olunmuş layihələr münsiflər heyəti
tərəfindən 100 ballıq şkala ilə qiymətləndirilib. Sözügedən
qiymətləndirmədə innovativ ideyanın irəli sürülməsi, problemin
qoyuluşu, həll yollarının təklif edilməsi, məhsul və ya prototipin
mövcudluğu və ən əsası, kommersiyalaşdırıla bilən layihələr əsas
götürülüb. Açıqlanan nəticələrə əsasən II mərhələyə vəsiqə qazanmış
komandaların ümumi sayı 220-dir.

Belə ki, “Robotexnika” müsabiqəsi üzrə – “A” kateqoriyasından 25
komanda, “B” kateqoriyasından 23 komanda; “Yaşıl texnologiyalar”
üzrə – “A” kateqoriyasından 26 komanda, “B” kateqoriyasından 25
komanda, “C” kateqoriyasından 20 komanda; “Aqrar texnologiyalar”
üzrə – “B” kateqoriyasından 24 komanda, “C” kateqoriyasından 16
komanda; “Pilotsuz uçuş aparatları” üzrə – Azərbaycandan 14,
Türkiyədən 6 komanda; “Sosialyönümlü texnologiyalar” üzrə – “B”
kateqoriyasından 24 komanda, “C” kateqoriyasından isə 17 komanda
növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, müvafiq müsabiqələr üzrə “A” kateqoriyası yuxarı
sinif şagirdlərini, “B” kateqoriyası universitet tələbələrini, “C”
kateqoriyası isə startap və fərdi sahibkarları əhatə edir.

Xatırladaq ki, istisna olaraq “Həvəskar peyk modelləşdirilməsi”
(CanSat), “Baku Skills” və “Sailplaner” müsabiqələri PDR (İlkin
Layihələndirilmə) mərhələsindən kənar keçirilib. PDR mərhələsində
iştirak etmiş 523 komandadan 220-si II mərhələyə uğurla keçid
alıb.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: