Təhsildə biznesin inkişafına yardım göstərmək KOBİA-nın əsas istiqamətlərindən biridir – Orxan Məmmədov

Təhsil sahəsində biznesin inkişafına yardım göstərmək KOBİA-nın
əsas fəaliyyət istiqamətlərindən biridir.

AzerTimes-ın məlumatına görə,
bunu “Təhsildə özəl biznesin rolu” mövzusunda keçirilən tədbirdə
KOBİA-nın İdarə Heyəti sədri Orxan Məmmədov deyib.

O.Məmmədov qeyd edib ki, agentlik yanında İctimai Şuranın
təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət
göstərən kiçik və orta biznes subyektlərinin, müvafiq dövlət
qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə
mütəmadi olaraq müzakirələr təşkil edilir. Müzakirəyə çıxardığımız
bügünkü mövzu öz əhəmiyyəti ilə seçilir. Belə ki, təhsil sahəsi
demək olar ki, cəmiyyətimizin bütün tərəflərini və üzvlərini əhatə
edir:

“Ötən illərdə də təhsil biznesi mövzusunda forum və digər
tədbirlər təşkil edilmiş, təhsil sahəsində sahibkarlıq fəaliyyəti
ilə məşğul olan KOB-ların fəaliyyəti təşviq edilmiş və bu gün də bu
sahənin aktualllığını nəzərə alaraq yenidən biz bu mövzunu
sahibkarların və dövlət qurumlarının iştirakı ilə ictimai
müzakirəyə təqdim edirik.

Xatırlatma edərək qeyd edim ki, “Təhsil biznesi sektoru: mövcud
vəziyyət və perspektivlər” mövzusuna həsr edilmiş öncəki Forumda
təhsil sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların
fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə ictimai
şuraların və vətəndaş cəmiyyəti institutlarının rolu, dövlət-özəl
əməkdaşlığı müzakirə edilmiş və bu müzakirələrin nəticəsi olaraq
“Azərbaycan Özəl Təhsil Müəssisələri Asossiasiyası” yaradılmışdır.
Yeni fəaliyyət münasibətilə Assosiasiyanı təbrik edir və işinə
uğurlar arzu edir, habelə Assosiasiyanı davamlı olaraq özəl təhsil
sektorunda çalışan iş adamları və ictimaiyyəti ilə sıx əməkdaşlığa
çağırırıq.

Eyni zamanda müvafiq sahədə görülmüş işlər və planları dinləmək
üçün Asossiasiyasının təqdimatının da keçirilməsi nəzərdə
tutulur.

Çoxlarına tanışdır ki, təhsil sahəsində biznesin inkişafına
yardım göstərmək KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən
biridir. Ömürboyu öyrənmək və milli profilli sahibkarlıq
mədəniyyətini formalaşdırmaq məqsədilə kurikulumların, tədris
proqramlarının, dərsliklərin, media və digər kommunikasiya
siyasətinin hazırlanması və resursların tərtibi proseslərində
iştirak etmək əsas vəzifə kimi KOBİA qarşısında qoyulmuşdur.

Təhsilin bütün mərhələlərində keyfiyyətin davamlı olaraq
yüksəldilməsində, təhsil müəssisələrində innovativ strukturların
yaradılmasında əsas məsəslələrdən biri maliyyə yetərliliyinin təmin
edilməsi məsələlərinin həll edilməsindən keçir.

Son 30 ilin dünya təcrübəsi göstərir ki, təhsil müəssisələri
daha çox maliyyə vəsaitləri əldə etmək üçün alternativ gəlir
mənbələrindən istifadə edirlər. Belə ki, inkişaf etmiş və həmçinin
inkişaf etməkdə olan ölkələrin əksəriyyətində yeni maliyyələşdirmə
mənbələrinin müəyyən edilməsinə keçən əsrin 80-ci illərindən
başlanılmış və nəticədə həmin ölkələrin təhsil müəssisələrinə
müvafiq sahibkarlıq fəaliyyətləri ilə məşğul olmaqla əlavə gəlirlər
əldə etmək üçün geniş hüquq və səlahiyyətlər verilmişdir. Nəticədə
dünyanın bir sıra ölkələrinin təhsil müəssisələri yeni maliyyə
mənbələrinin müəyyənləşdirilməsi hesabına öz vəsaitlərini
əhəmiyyətli dərəcədə artıra bilmişlər. Hazırda bu proses dünyada
getdikcə sürətlə inkişaf edir. Onu da qeyd etmək lazımdır ki, əlavə
maliyyə vəsaitlərinin cəlb edilməsi təhsilə dövlət
maliyyələşdirilməsinin azaldılmasını stimullaşdırmışdıran bir
alətdir.

Qeyd etmək lazımdır ki, “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən təhsil müəssisələrinin
qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti ilə yanaşı,
digər mənbələrdən gəlir əldə etmək hüquqları müəyyənləşdirilmişdir.
Belə ki, Qanunun 38-ci maddəsinə əsasən təhsil müəssisələri
qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə
müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq
fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən ianələr və
könüllü yardımlar almaq hüququna malikdir.

Qanuna əsasən təhsil müəssisələrinin əlavə maliyyə vəsaitləri
əldə etməsi baxımından müasir dövrdə mühüm iqtisadi əhəmiyyət kəsb
edən sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının hüquqi əsası da
müəyyənləşdirilmişdir.

Bu sahəyə əlavə dəstək kimi Nazirlər Kabinetinin müvafiq
Qərarına əsasən kütləvi informasiya vasitələri məhsullarının və
müvafiq siyahı ilə müəyyən edilən nəşr və materialların idxalı və
satışı əlavə dəyər vergisindən azad edilir. Azərbaycan dilində
lazımı kitabların tapılması müstəqilliyin ilk günlərdən başlayaraq,
son illərə qədər ciddi problem olaraq qalmaqdadır. Əminəm ki, bu
qərar özəl təhsil müəssisələrinin kitabxana fondunu
genişləndirməyə, xərclərin azaldılmasına müsbət təsir
göstərəcəkdir.

KOBİA təhsil biznesi sahəsində əlavə dəstək və təşviq
mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının
təkmilləşdirilməsi, təhsil biznesinin dəstəklənməsi və təşviqi,
təhsil biznesi ilə məşğul olan sahibkarlarla birlikdə onların
layihələrinin icrasında iştirak istiqamətlərində dəstəyini və
iştirakını davam etdirməkdədir.

Bu istiqamətdə xüsusi marağın artığı sahələrdən biri də məhz
peşə təhsilidir. Hər kəsə məlumdur ki, ölkə rəhbəri peşə təhsilində
səmərəli sistem formalaşdırılmasını daim diqqətdə saxlayır. Ölkədə
bu yöndə yeni çağırışlara uyğun formatlar yaradılır, pilot təhsil
proqramları, karyera planlaşdırmaları tətbiq olunur.

Müasir dövrdə peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələlərdən
biridir. Əvvəlki illərdən fərqli olaraq, ümumtəhsil məktəblərində
yaxşı oxuyan şagirdlər də peşə təhsili müəssisələrində təhsil
alırlar. Bu sahədə əsas strategiya sektorun inkişafını təmin
etməkdən, beynəlxalq tərəfdaşlıq sayəsində müasir kadr hazırlığını
daha da təkmilləşdirməkdən ibarətdir. Çünki ölkənin sosial-iqtisadi
inkişafı bir çox cəhətdən bu amildən də asılıdır.

Deyilənlərlə əlaqədar, KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə
Təhsili üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən
“Gənclərin Biznes Emalatxanası” layihəsi regionların
sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini
əhatə edən kiçik və orta sahibkarlıqla məşğul olan, xüsusilə də
biznesə başlamaq istəyən və ya yeni ideyalarını həyata keçirmək
istəyən peşə təhsili almış gənclər üçün yeni imkanlar açır. Layihə
çərçivəsində Ağdam, Qəbələ və Cəlilabad rayonlarında peşə təhsili
alan gənclər müvafiq təlimlərdən keçərək aktivlərlə təmin
ediləcəkdirlər. Artıq Ağdam və Cəlilabad rayonlarında 125 nəfərə
təlimlər başa çatmış və növbəti mərhələ kimi müxtəlif sahibkarlıq
subyektlərində, o cümlədən Masallı Sənaye Məhəlləsində fəaliyyət
göstərən müəssisələrdə biznes turlarda iştirak etmişdirlər. Eyni
zamanda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 153
nəfər sonuncu kurs tələbələri üçün də biznes təlimləri davam
etdirilir.

Bildiyimiz kimi, özəl uşaq bağçaları üçün müəyyən vergi
güzəştləri nəzərdə tutulur. Eyni zamanda, bir çox uşaq mərkəzləri
faktiki olaraq bağça fəaliyyəti göstərir. Bəzi hallarda bu, özəl
məktəbəqədər təhsil müəssisəsi üçün lisenziya alınan zaman Nazirlər
Kabinetinin müvafiq qərarı ilə tənzimlənən təhsil müəssisələrinin
tikintisi, maddi-texniki təchizatına dair tələblərin mürəkkəbliyi
kimi də başa düşülə bilər. Həm də sahibkarlar bəzi hallarda bu
tələblərin mövcud imkanlar baxımından çətinlik yaratdığını qeyd
edirlər. Buna görə də aidiyyəti qurumlar tərəfindən bu normativlərə
yenidən baxılmasını təklif edirik.

Sənayeləşmə və rəqəmsallaşdırma sahəsində sürətli inkişaf
kiberfiziki sistemlər, əşyaların interneti, 3D-çap, süni intellekt
və maşın təlimi də daxil olmaqla, yeni nəsil istehsal
texnologiyasının inkişafında böyük irəliləyişə səbəb olub. Əvvəlki
sənaye inqilablarının istehsal prosesində xammalı əsas hesab
etməsinə baxmayaraq, 4-cü Sənaye inqlabı innovasiya üçün insan
kapitalı və intellektual resurslara üstünlük verir.

Təhsildə fərdiləşdirmə, elektron təhsil, oyun tipli, mobil
əlaqə, uyğunlaşma, öyrənmə analitikası metodu, ağıllı teletyutorlar
və e-qiymətləndirmə kimi mühüm aspektlərə diqqət yetirməyin
vacibliyi önə çəkilməli və “ağıllı” təhsil metodlarının tətbiqinə
geniş yer verilməlidir.

İnanıram ki, bugünkü forum çərçivəsində maraqlı müzakirələrin və
təkliflərin şahidi olacağıq. Bu tədbir təhsil sahəsində fəaliyyət
göstərən sahibkarlarla daha sıx və səmərəli əməkdaşlıq üçün
əhəmiyyətli platformadır.

Forumun işinə uğurlar arzu edir və diqqətinizə görə təşəkkür
edirəm”.

Teqlər: