Tehran rejimi rəhbərləri ailə üzvlərini ölkədən çıxarır

Tehran rejimi rəhbərləri ailə üzvlərini ölkədən çıxarır

İranda sentyabrın 17-dən başlayan etiraz aksiyalarının bir az səngiməsi ilə eyni vaxtda hakimiyyət rəsmilərinin nümayişlərin bitməsi barədə çıxışları da artıb.

Siyasi rəhbərlər və İran İnqilab Keşikçiləri Korpusunun komandirləri “iğtişaş” adlandırdıqları etirazların qarşısını ala bildikləri barədə iddialı çıxışlar etsələr də, onların səssizcə ailə üzvləri və yaxınlarını xaricə göndərmələri barədə məlumatlar yayılmaqdadır.

Məsələ burasındadır ki, son 3 ayda İranın 31 əyaləti və 166 şəhərində baş verən nümayişlər 43 illik molla hakimiyyətini ilk dəfə ciddi və beynəlxalq səviyyədə əks-səda doğuran legitimlik problemi ilə qarşı-qarşıya qoydu.

Bir çox nüfuzlu ekspertin fikrincə, İranda inqilab prosesi başlayıb və hazırda aksiyaların qarşısı tamamilə alınsa belə, hakimiyyəti uzun müddətə qoruyub saxlamaq mümkün olmayacaq. Bunun müxtəlif səbəbləri olsa da, əsas amil İranda yaşayan xalqların düşüncə tərzinin dəyişməsi, yeni istəklərin yaranması, fərdi və ictimai azadlıqlara can atdığı halda, hakimiyyətin məsələlərə 43 il öncəki təfəkkürlə yanaşması və bütün problemləri vətəndaşların iradəsinə əhəmiyyət vermədən inzibati sərəncamlar, güc yolu ilə həll etəyə çalışmasıdır.

Məhsa Əmininin öldürülməsindən sonra başlayan etiraz aksiyalarının genişlənməsinin qarşısını almaq üçün rejimin “əxlaq polisi”nin fəaliyyətinin ləğv edilməsi ilə bağlı dediklərinin özünü doğrultmaması hakimiyyətin mollaların təfəkkürünə zidd olan heç bir dəyişikliyə getməyəcəyini göstərdi.

Eyni zamanda, inflyasiyanın güclənməsi, İran valyutasının dəyərinin həddindən artıq aşağı düşməsi ilə birikdə, ölkənin bir neçə əyalətində, xüsusilə Xuzistan və Hörmüzqanda neft sənayesi işçilərinin davamlı tətil aksiyaları 1979-cu il inqilabına səbəb olan aksiyaların təkrarı kimi görünür.

1978-ci ilin oktyabr ayında İran neft sənayesi, xüsusilə, Abadan neftayrıma zavodunda başlayan tətil aksiyaları qısa müddətdə ölkənin bir çox yerlərinə yayılaraq, Pəhləvi rejimini ciddi problemlərlə qarşı-qarşıya qoymuşdu.

Hazırda neft sənayesi işçilərinin tətil aksiyalarına qarşı rejimin ciddi yanaşmasının bir səbəbi də 1978-ci ildə Xomeyninin çağırışından sonra bu sahənin tətilə başlamasının rejim dəyişikliyindəki əhəmiyyətini bildiklərindən irəli gəlir.

Bütün bunlarla yanaşı nə qədər ört-basdır etməyə çalışsalar da, hakimiyyətdaxili ziddiyyətlər və parçalanmalar güclənməkdədir.

Bu günə kimi bir cəbhədə olan bir çox siyasətçi və SEPAH komandirlərinin fərqli mövqe nümayiş etdirməyə yönələn davranış və çıxışları onların rejim dəyişikliyinin qaçılmaz olduğunu hiss etdiklərindən irəli gəldiyini göstərir.

Son 3 ay boyu onlarla siyasi və hərbi şəxs həbs edilib, fərqli düşüncədə olan nüfuzlu millət vəkillərinə qarşı təzyiqlər artıb və bir sıra tanınmış din xadiminin belə çıxışlarına məhdudiyyətlər qoyulub.

Dekabrın əvvəllərində İran-İraq müharibəsi dövrünün əsas komandirlərindən biri və SEPAH-ın hərbi dəniz qüvvələrinin qurucularındandan olan general Məhəmməd Bagir Bəxtiyari həbs edilib.

Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian Məhsa Əmininin ölüm səbəbləri barədə ictimaiyyətə dəqiq məlumat verilmədiyini bildirdiyi çıxışından sonra hakimiyyətdə olan radikal kəsimə bağlı media orqanlarının hücumuna məruz qalb. Demək olar ki, millət vəkilinin media orqanları və televizyada çıxışlarına məhdudiyyətlər qoyulub.

Molla hakimiyyətinin hazırda şiddətli repressiyalara əl atması, edam hökmlərinin sayının artmasını və etirazçıları düşmən kimi qələmə verməsini sistemin təhlükədə olduğunu bilməklərindən irəli gələn gərginlik kimi də dəyərləndirmək olar.

Molla rejimi 43 illik hakimiyyəti dövründə indi olduğu kimi beynəlxalq təzyiqlərlə üzləşməmişdi.

Bu günə kimi rejimin bölgədə bütün özbaşınalıqlarına, beynəlxalq qanunlara zidd hərəkət və təxribatlarına yumşaq münasibət bəsləyən Qərb ölkələrinin mövqelərinin kəskin dəyişməsi Tehran rejimi üçün qara günlərin başlanmasından xəbər verir.

Teqlər: