Azərbaycan Təhlükəsizlik Orqanlarının Veteranları İttifaqının kollektivi Birinci Qarabağ Müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan həmkarları Nadir Əliyevin Şəhidlər Xiyabanında məzarını ziyarət ediblər.
AzerTimes-ın məlumatına görə, şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Nadir Əliyev Qarabağ uğrunda döyüşlər başlayan gündən zabit kimi cəbhəyə yollanıb və xüsusi qəhrəmanlıqlar göstərib. Qəhrəman döyüşçü 1993-cü il iyulun 22-də doğulduğu Ağdam rayonu istiqamətində şəhid olub.
Azərbaycan Təhlükəsizlik Orqanlarının Veteranları İttifaqının sədri, ehtiyatda olan polkovnik Azər Qarayev AzerTimes-a bildirib ki, Nadir Əliyev xüsusi xidmət orqanlarının peşəkar zabiti olub.
O, peşəsi üzrə təhsilini Moskvada alıb, dəfələrlə mərkəzdə qalıb işləmək təklifləri edilsə də bununla razılaşmayıb, Vətənə qayıdaraq xidmətini davam etdirib: “Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlər başlayanda Nadir Əliyev cəbhəyə yollandı, çox böyük qəhrəmanlıqlar göstərdi. O, qorxubilməz döyüşçü idi. Nadirin adı gələndə düşmən həmişə təşvişə düşürdü. Təəssüf ki, döyüşlərdə şəhid oldu. Allah bütün şəhidlərə rəhmət eləsin”.