Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu
kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan
İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən prosesdə ifadə verən şahid, İlkin Süleymanovla eyni
təcridxanada qalan Rəvan İsmayılov bildirib ki, İlkin Süleymanov
onunla birgə qaldığı müddətdə Nərmin Quliyevanı öldürdüyünü etiraf
edib.
Bundan başqa, o, yuxuda olarkən də hadisəni törətməyi barədə
sayıqlayırdı.
“İçəridə İlkinlə dost olduğumuza görə 2020-ci ilin fevral ayının
ortalarında cinayət törətməsi ilə bağlı mənə etiraf etdi. Gecələr
yatarkən əl-qol hərəkəti ilə sayaqlayaraq “Nərmini mən öldürmüşəm”
deyirdi. Sayıqlamaları zamanı Mətanət və Vəfadar adlarını da
çəlirdi. Amma onların kim olduğunu bilmirəm. Birlikdə qaldığımız
müddətdə ata-anasına qarşı da dəfələrlə təhqiramiz ifadələr
işlədirdi. Amma ümumilikdə onu mədəni və intellektual adam kimi
tanımışam. Mənim də bacım var, ona görə düşündüm və bir müddət
sonra – dekabr ayında İlkinin etirafı barədə müvafiq qurumlara
məlumat verim”, – şahid deyib.
Şahidin ifadəsinə münasibət bildirən İlkin Süleymanov Rəvan
İsmayılovun yalan danışdığını deyib: “Mən ona heç vaxt etiraf
etməmişəm. Təcridxanada xüsusi nəzarətdə saxlanılmışam”.
Təqsirləndirilən şəxsin vəkilləri bildirib ki, 2020-ci ilin
yanvar ayının 23-də İlkin Süleymanov barəsində həbs-qətimkan
tədbirindən verilən apellyasiya şikayətinə baxılıb. Həmin vaxt da
təqsirləndirilən şəxs günahsız olduğunu deyib: “Necə ola bilər ki,
bir ay sonra hadisəni törətməsini etiraf edib?”.
Proses sabah davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın
qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd
ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd
sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu
tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi,
məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və
digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla
qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə
köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam
oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində
cinayət işi açılıb.