Təbrizdə “Fars dili və poeziyası günləri” keçiriləcək

Təbrizdə “Fars dili və poeziyası günləri” keçiriləcək

Təbrizdə və Şərqi Azərbaycan əyalətinin bir neçə bölgəsində 18 sentyabr Məhəmmədhüseyn Şəhriyarın anım günü münasibətilə “Fars dili və poeziyası günləri” adlı silsilə tədbirlər keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami İrşad İdarəsinin başçısı Məhəmməd Hüseyn Bulağı məlumat verib.

O, həmin günlə əlaqədar hökumət orqanlarının 139 xüsusi ədəbi, bədii və mədəni proqram təşkil edəcəklərini bildirib.

“Cari ildə bu əlamətdar gün ilə əlaqədar beynəlxalq xarakter daşıyan tədbirlər yalnız Təbriz şəhərində deyil, Tehran daxil olmaqla, İranın müxtəlif şəhərlərində də keçiriləcək”, – o deyib.

Qeyd edək ki, 2000-ci ildə Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın ölüm tarixinin – 18 sentyabrın – “Fars dili və poeziyası günü” kimi qeyd edilməsi təklif olunub. Dərhal qəbul edilən bu təklifə azərbaycanlı mədəniyyət xadimləri, yerli azərbaycanlılar etiraz edib, onun ləğvi ilə bağlı müraciətlər etsələr də, buna əhəmiyyət verilməyib.

22 ildir qeyd olunan günlə bağlı keçirilən tədbirlərə azərbaycanlılar əhəmiyyət vermədiyi üçün hökumət dövlət məmurlarını məcburi cəlb edib, başqa əyalətlərdən qonaqlar gətirərək tədbiri hər il gündəmdə saxlamağa çalışır.

“Fars dili və poeziyası günü”nün ideya müəllifi Əliəsgər Şeirdustdur. 1962-ci ildə Təbrizdə dünyaya gələn və çoxsaylı vəzifələrdə çalışan Əliəsgər Şeirdust islam inqilabı ideyalarının, fars dili və ədəbiyyatının Orta Asiya və Qafqazda yayılması sahəsindəki fəaliyyətlərinə görə dəfələrlə hökumət tərəfindən mükafatlandırılıb.

Məhəmməd Füzulinin Bakıda keçirilən 500 illik yübleyində Ə.Şeirdust keçmiş prezident Heydər Əliyevə şairin farsca şeirlərindən ibarət neçə cildlik divanını təqdim edib.

“Məhəmməd Füzuli Azərbaycan şairidir və Azərbaycan dilində əsərlər yaradıb. Bəs onun öz ana dilində yazdığı şeirləri niyə nəşr etmirsiniz”, – mərhum Prezident Heydər Əliyev də ona iradını bildirmişdi.

Teqlər: