TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar
Qurbanov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin
icraçı direktoru Əhməd İsmayılov ilə görüşüb.
AzerTimes xəbər verir ki, görüşdə
audiovizual, çap, onlayn media və informasiya agentlikləri ilə
əməkdaşlıq əlaqələri, Kütləvi İnformasiya Vasitələri üçün tibbi
xidmətlərin təşkili, icbari tibbi sığortanın tətbiqinə dair birgə
təlimlərin keçirilməsi, TƏBİB-in tabeliyindəki tibbi
müəssisələrində fəaliyyət göstərən ictimaiyyətlə və media ilə
çalışan əməkdaşlar üçün vaxtaşırı birgə təlimlərin təşkili,
Agentliyin PR-kommunikasiya üzrə təşkil etdiyi təlim, seminar,
vebinar və konfranslara TƏBİB-in sahə üzrə əməkdaşlarının cəlb
olunması və.s məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edən Vüqar Qurbanov son dövrlərdə mətbuatın inkişafı,
peşəkar kadrların cəlb edilməsi istiqamətində vacib işlər
görüldüyünü və müsbət dəyişikliklərdə Medianın İnkişafı
Agentliyinin müstəsna rolunu qeyd edib.
V.Qurbanov bu günə qədər Agentlik ilə birgə Kütləvi İnformasiya
Vasitələri üçün bir sıra layihələrin həyata keçirildiyini, bundan
sonra da davamlı olaraq sıx əməkdaşlıq ediləcəyini vurğulayıb. O,
səhiyyə sahəsində vətəndaşların maarifləndirilməsində media
işçilərinin fəaliyyətinin vacibliyindən danışıb.
Əhməd İsmayılov isə öz növbəsində tibb sahəsinin çoxşaxəli və
həyati əhəmiyyətini nəzərə alaraq, jurnalistlərin bu sahə üzrə
ixtisaslaşmasının vacibliyindən bəhs edib.
O, gələcəkdə TƏBİB-lə birgə reallaşdırılması nəzərdə tutulan
layihələrin sahənin inkişafında əhəmiyyətli rol oynayacağını
vurğulayıb.
Daha sonra birgə görüləcək digər işlərlə bağlı fikir mübadiləsi
aparılıb.