Tayvan yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters“ məlumat yayıb.
Hadisə nəticəsində azı 4 nəfər ölüb, 97 nəfər isə yaralanıb.
Bildirilib ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü 3 metrə çatan sunami təhlükəsi elan edilib.
Bunun son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olduğu bildirilib.
Yapon meteoroloqlar ilk zəlzələnin maqnitudasını 7,5 bal həcmində hesablasa da, sonradan rəqəm 7,7-ə yüksəldilib.
Birinci zəlzələdən dərhal sonra 6,6 bal gücündə ikinci zəlzələ baş verib.
Daha sonra Tayvanın şərqində maqnitudası 5,4-ə qədər olan daha 4 zəlzələ qeydə alınıb.
Okinava adasının Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, maqnitudası 6,5-ə çatan 40-a yaxın afterşok qeydə alınıb.
İlk yeraltı təkanlardan təxminən 15 dəqiqə sonra “NHK” telekanalı sunaminin Tayvan sahillərindəki Yonaquni adasına çatdığını bildirib. Tayvanın Hualien şəhərində isə bir neçə bina dağılıb, 87 mindən çox ev güclü zəlzələdən sonra işıqsız qalıb, Quançjouda qatarların hərəkəti dayandırılıb.
Yapon meteoroloqları daha sonra sunaminin İşigaki adasının sahillərinə çatdığını vurğulayıblar.