Azərbaycan dərhal bu boşluğu dolduracaq – Melkonyan

Azərbaycan dərhal bu boşluğu dolduracaq – Melkonyan

ABŞ-ın bölgədəki maraqları Rusiyanın bölgədən çıxarılması və İranın burada mövqelərini gücləndirməsinə imkan verməməklə bağlıdır ki, bu da Türkiyənin maraqları ilə üst-üstə düşür.

AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Sergey Melkonyan erməni mediasına açıqlamasında deyib.

“ABŞ Ermənistana təhlükəsizlik zəmanəti verə bilər, ancaq sözlə. Amerikalı ekspertlər də izah edirlər ki, ABŞ Vaşinqtonun müttəfiqi olan Türkiyəyə qarşı Ermənistana dəstək verə bilməz”, – o bildirib.

Onun sözlərinə görə, Qərbin Cənubi Qafqazda əsas tərəfdaşı Türkiyədir:

“Eyni zamanda, Türkiyə və Azərbaycanın xarici siyasəti ermənilərin regiondan çıxarılmasına yönəlibsə, ABŞ belə məqsədlər güdmür, onlar üçün bu, ikinci dərəcəli əhəmiyyət kəsb edir”.

O hesab edir ki, Rusiyanın üzərinə düşən öhdəlikləri tam yerinə yetirməməsi, eləcə də Qərbdən təminat almaması fonunda təhlükəsizlik boşluğu yaranan kimi Azərbaycan və Türkiyə dərhal onu doldurmağa çalışacaq:

“Ermənistan hakimiyyətinin siyasəti Qərbə üz tutmaq, KTMT və Aİİ-dən çıxmaq və AB strukturlarına inteqrasiya məqsədi daşıyır, lakin təkcə Ermənistan deyil, regional dövlətlərin hamısı iqtisadi cəhətdən Rusiya ilə bağlıdır. Ona görə də Qərbə üz tutmaq üçün hazırlıq işləri aparmaq, iqtisadi təminatlar almaq lazımdır. Bu olmasa, iqtisadi çöküş riskləri yaranacaq”.

Teqlər: