Tarixinə sahib çıxan, dilini, milli-mənəvi dəyərlərini qoruyan xalq məğlubedilməzdir – Vüqar Rəhimzadə

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevin hakimiyyətinin hər iki dövrü dövlətçiliyimizin qorunmasına
və möhkəmləndirilməsinə, milli kimliyimizin, varlığımızın
təqdimatına xidmət edən addımlarla zəngindir. İllər keçdikcə hər
bir hadisənin önəmi, Azərbaycanın bugünü və gələcəyi üçün
əhəmiyyəti özünü daha aydın şəkildə büruzə verir. Bu məqamı xüsusi
qeyd etməliyik ki, Ümummilli Liderin hakimiyyətinin birinci
dövründə gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını
təşkil edən strateji proqramında Azərbaycan dili diqqət mərkəzində
olub. Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili
statusu qazandırmağa yönəlmiş fəaliyyətinin nəticəsidir ki, 1978-ci
il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR
Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit
olundu. Həmin dövrün reallıqları baxımından sözün əsl mənasında
böyük cəsarət tələb edən bu addım məhz gələcəyin yeni, müstəqil
Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş
tətbiqi, demək olar ki, bütün böyük klassiklərimizin İttifaq
miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin
Ümumittifaq miqyasında ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni
abidələrin planlı tədqiqi və nəşri- bütün bunlar ulu öndər Heydər
Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan
siyasətinin əməli nəticələridir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan dilini xalqımızın
mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz
təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə
qiymətləndirən ulu öndər Heydər Əliyev dilimizin xalqımızın
milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan vasitə
olduğunu bildirmişdir. Azərbaycan dilinin dövlət dili statusu
daşıması uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider xalqı,
onun aparıcı zümrəsi olan ziyalıları ana dilinin dövlət dili kimi
yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmişdir. Ulu öndər
Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən bildirmişdir
ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana
dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin
dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi
vurğulayıb ki, 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası
hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif
təkliflər irəli sürülmüşdür: “Bu təkliflərin çox böyük
əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması
dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq
səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində
Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz
əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması
işi daha da gücləndirilmişdir. «Mən həmişə fəxr etmişəm, bu gün də
fəxr edirəm ki, mən azərbaycanlıyam!» müdrik sözləri ilə torpaq,
Vətən sevgisini, Azərbaycan dilinə məhəbbətini ifadə edən ulu öndər
Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ana
dilimizə qayğını dövlətimizin əsas siyasi-ideoloji vəzifəsi hesab
etmişdir. Ümummilli Liderimiz «Azərbaycan Respublikasında dövlət
dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə Fərman imzalamaqla ədəbi dilimizin fəaliyyət imkanlarını
daha da genişləndirmişdir. Bu sənədə əsasən ölkəmiz Azərbaycan
dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil
dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi,
qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya
azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni
özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Ulu
Öndərin «Azərbaycan dilinin təkmilləşdirilməsi haqqında» Fərmanı da
dahi rəhbərin dilimizə olan bağlılığından, onu yad təsirlərdən
qorumaq istəyindən irəli gəlmişdi”.

“Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi
kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham
Əliyevin Azərbaycan dilinin təkmilləşdirilməsi, saflığının
qorunması istiqamətində atdığı addımlar göz önündədir” deyən Vüqar
Rəhimzadə xatırladıb ki, dövlət başçısı «Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında»
Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan həlli vacib
prioritetləri müəyyənləşdirdi: “Sərəncama uyğun olaraq Azərbaycan
ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin təbliğini
genişləndirmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan
dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın
qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi.
Dövlət başçısının 1 noyabr 2018-ci il tarixli «Azərbaycan dilinin
saflığının qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Fərmanında ana
dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər
əksini tapmışdır”.

YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki,
Azərbaycan xalqı daim milli kökünə, tarixinə, mədəniyyətinə
bağlılığını nümayiş etdirmiş, bu amillərin təbliği istiqamətində
davamlı addımları ilə beynəlxalq aləmdə qazandığı nüfuzu daha da
möhkəmləndirmişdir: “Dövlət başçısı İlham Əliyevin gənclərlə bütün
görüşlərində, həmçinin yeni vəzifələrə təyin olunan gənc kadrları
qəbul edərkən bu mühüm məqamı xüsusi qeyd edir ki, dövlətçiliyin
qorunması prioritetdir. Gənclərimiz hər zaman milli ruhda tərbiyə
olunmalı, öz milli-mənəvi dəyərlərini, tarixini öyrənməli, qorumalı
və gələcək nəsillərə çatdırmalıdırlar. Bu məqam da önə çəkilir ki,
Azərbaycan uzun illər keçmiş İttifaqın tərkibində olsa da hər zaman
milli xüsusiyyətlərini, milli kimliyini qoruyub. Milli dəyərlərimiz
ümumbəşəri dəyərlər əsasında qurulub. Başqa dilə, mədəniyyətə,
dinə, tarixə hörmət öz mədəniyyətinə, tarixinə, dilinə, dininə olan
hörmətdən başlamalıdır. Azərbaycanın 2019-cu ildə UNESCO-nun
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi bir
daha xalqımızın tariximizə, milli-mənəvi dəyərlərimizə, dilimizə
bağlılığına işıq saldı. Bu fikri böyük inamla qeyd edirik ki,
Azərbaycan ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə
çevrilib, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və
maraqlar əsasında əlaqələrini genişləndirməklə sözünün imzası qədər
önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim edir. Azərbaycan 44
günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfəri ilə tarixinə sahib
çıxan xalq kimi özünü bir daha təsdiqlədi. Bu gün işğaldan azad
edilmiş torpaqlarımızda aparılan bərpa-quruculq işləri çərçivəsində
tarixi və dini abidələrimizin bərpasına xüsusi önəm verilməsi də
dəyərlərimizə bağlılığımızın təqdimatıdır”.

Vüqar Rəhimzadə bu məqamı da vurğulayıb ki, tolerant,
multikultural dəyərlərin inkişafına böyük töhfələr verən
Azərbaycanda yaşayan xalqların, millətlərin nümayəndələri də
dilimizə daim böyük hörmətlə yanaşır, öyrənilməsinə maraq
göstərirlər: “Dilimizi sevək ki, kimliyimizi, varlığımızı qoruyaq.
30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız əyilmədi,
kimliyimizi, qürurumuzu qorudu. Bütün bu uğurlarımızın fonunda bir
daha böyük fəxr və inam hissi ilə qeyd edirik ki, tarixi Zəfərimiz
Azərbaycanı qalib ölkə, xalqımızı məğrur, yenilməz xalq kimi tarixə
yazdı. Tarixinə sahib çıxan, dilini, milli-mənəvi dəyərlərini
qoruyan xalq məğlubedilməzdir”.

Teqlər: