Xətai rayonunda 31 Mart soyqırımına həsr olunmuş anım
tədbiri keçirilib
Martın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının və rayonda yerləşən 269 saylı tam orta
məktəbin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların
soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri
keçirilib.
Tədbirdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış
qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə
çıxış edərək bildirib ki, tarix boyu təcavüzkar siyasət həyata
keçirməklə məşğul olan, qanlı və cinayətkar əməllər törədən, “Böyük
Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman
xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının köməyi ilə əzəli
torpaqlarımızı zəbt etməyi özlərinin məqsədlərinə çevirmişlər.
Təkcə ötən əsrdə Azərbaycan xalqı dəfələrlə (1905-1906, 1918-1920,
1948-1953, 1988-1993-cü illərdə və s.) erməni millətçiləri
tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan
ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və
deportasiyaya məruz qalmışdır.
Vüqar Rəhimzadə qeyd edib ki, 31 Mart soyqırımı öz amansızlığına
və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində
də ən qanlı faciələrdən biri hesab edilir: “1918-ci ilin mart
günlərində Bakıda, eləcə də Şamaxıda, Qubada, Qarabağda,
Naxçıvanda, Qərbi Azərbaycanda və digər bölgələrdə törədilən
qırğınlar, qanlı hadisələr zamanı ermənilər bir neçə gün ərzində
minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib, qoca, qadın və
uşaqlara belə aman verməyiblər. Minlərlə azərbaycanlını qəddarlıqla
öldürən erməni vandalları bununla kifayətlənməyərək yaşayış
məntəqələrini, məscidləri, tarixi və mədəniyyət abidələrini
yerlə-yeksan edərək, məhv ediblər.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ermənilərin iki
əsrdir azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və
deportasiya siyasətinin ətraflı öyrənilməsi və tədqiqi,
həqiqətlərin xalqımıza və dünya ictimaiyyətinə çatdırılması
sahəsində fəaliyyət yalnız ulu öndər Heydər Əliyevin imzaladığı
“Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli
Fərmanından sonra sistemli şəkildə həyata keçirildi: “Ümummilli
Liderin bu Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə
hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün və vandalizminin
nəticələrinin aradan qaldırılması, erməni vəhşiliyinin dünyaya
təqdim olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
Dövlət başçısı İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli “Quba
şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında”
Sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Mehriban
xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı
ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində gerçəkləşdirdiyi mühüm layihələr xüsusi qeyd
edilməlidir. 31 Mart soyqırımı hər il təkcə Azərbaycanda deyil,
dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz, diaspor
təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən qeyd olunur.
Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara
qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya
ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə
məqalələr dərc edilir. Azərbaycan xalqı faciə qurbanlarının
xatirəsini hər zaman xüsusi ehtiramla yad edir.”
Vüqar Rəhimzadə vurğulayıb ki, erməni vəhşilikləri Azərbaycan
tarixinin qanla yazılmış səhifəsi olsa da, Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz İkinci Qarabağ
müharibəsində şanlı Zəfər qazanmaqla sübut etdi ki, Azərbaycan
yerləşdiyi bölgədə əsas söz və nüfuz sahibi olmaqla bütün
problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır:
“Məhz bütün bunlara arxalanaraq, bu prinsipdən və qalib ölkə
mövqeyindən çıxış edərək gələcəyimiz olan gəncləri hər zaman
vətənpərvər və qurucu ruhda yetişdirməyi əsas fəaliyyət istiqaməti
kimi qəbul edirik. Bu baxımdan ermənilər tərəfindən xalqımıza qarşı
törədilən soyqırımları gənclərimiz üçün ibrət dərsi olmalı, onlar
heç vaxt erməni vəhşiliklərini unutmamalıdırlar. Azərbaycan
gəncləri ermənilərin uydurmalarını dünyada ifşa etmək üçün öz
üzərlərinə düşən vəzifələrə çox ciddi yanaşmalı və müasir
informasiya texnologiyalarının imkanlarından istifadə edərək əsl
həqiqətləri beynəlxalq aləmə çatdırmaq istiqamətində bütün
güclərini səfərbər etməlidirlər. Azərbaycanın zəngin tarixinin
öyrənilməsi, nəsillərdən-nəsillərə ötürülməsi, faciələrimizin
unudulmaması üçün belə tədbirlərin keçirilməsi də olduqca
əhəmiyyətlidir.”
Çıxış edən 269 nömrəli tam orta məktəbin direktoru Alla
Vəzirova bildirib ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət
səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir: “Bu
tarix son yüz ildən artıq müddətdə Azərbaycan tarixində baş vermiş
faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks
etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini,
repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı
səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-dan
aprelin 3-dək erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar,
qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına
imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın
ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Erməni
quldurlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə
hüquqi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər
Əliyevin yürütdüyü məqsədyönlü siyasət bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir”.
A.Vəzirova bu cür tədbirlərin keçirilməsinin gənclərin
vətənpərvərlik ruhunda tərbiyə olunması, tariximizdə baş verənlərlə
bağlı ətraflı məlumatlandırılması baxımından vacib hesab edib: “İki
əsrlik zaman çərçivəsində ermənilərin xalqımıza qarşı törətdikləri
ağlasığmaz vəhşiliklər millətin qan yaddaşında əbədi yer tutmalı və
gələcək nəsillərə çatdırılmalıdır. Gənclərimiz belə taleyüklü
məsələlərin aktuallaşmasında, soyqırımı həqiqətlərinin beynəlxaq
ictimaiyyətə çatdırılmasında fəal olmalıdırlar.”
Sonra məktəbin tarix müəllimi Ruhiyyə Orucova XX əsrin ən
dəhşətli faciələrindən biri olan 1918-ci ilin Mart soyqırımı ilə
bağlı daha ətraflı məlumat verib.
Tədbirdə məktəblilərin ifasında bəşəriyyət və insanlıq əleyhinə
ən qanlı terror aktlarına həsr olunmuş şeirlər səsləndirilib,
soyqırımın acı həqiqətlərini əks etdirən səhnəciklər nümayiş
etdirilib.