Hadisəni bilərəkdən törətməmişəm, şokda olmuşam – Arvadını bölmədə öldürən polis

Bakı Ağır Cinayətlər Məhkəməsində polis bölməsində həyat
yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı İsmayıl
Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə
qətldə təqsirləndirilən İsmayıl Məmmədovun vəkili vəsatət qaldırıb.
Bildirib ki, İsmayıl Məmmədovun istifadəsində olmuş telefon
nömrəsindən gedən zənglər, SMS-lər çıxarılsın və məhkəməyə təqdim
edilsin.

“Bu proses həyata keçirilərsə, qətlin hansı şəraitdə törədildiyi
məlum olacaq. Həmin zəng və SMS-lər sübut edəcək ki, İsmayıl
yoldaşını yox, özünü öldürmək istəyib”, – deyə vəkil bildirib.

Prokuror vəkilin cəsarətinə etiraz edib. Dövlət ittihamçısı
bildirib ki, faktiki, ortada qətl hadisəsi var. Bunun üçün hansısa
zəngin çıxarılmasına ehtiyac yoxdur. Dövlət ittihamçısı vəsatətin
rədd edilməsini istəyib.

Prosesdə çıxış edən zərərçəkmiş tərəfin vəkili də vəsatətin rədd
edilməsini istəyib.
“Biz əvvəldən deyirik ki, burada xuliqanlıq niyyətilə qəsdən
adamöldürmə halı var. Elə SMS-in yazılmasını istisna etmirik. Amma
bu, hadisənin mahiyyətini dəyişmir. Bu, qətlin törədilməsini
əsaslandıra bilməz. Niyyətin nə vaxt yaranmasının fərqi yoxdur.
Vəsatət təmin edilməsin”, – vəkil bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra prosesdə sualları cavablandıran təqsirləndirilən şəxs
İsmayıl Məmmədov bildirib ki, hadisəni törədəndə özündə olmayıb: “Həmin vaxt mən şok keçirmişəm. Ekspertiza keçirilsə, bu, məlum
olar ki, mən hadisəni bilərəkdən törətməmişəm. Şokda olub
atmışam”.

Təqsirləndirilən şəxsin vəkili hadisə anı ilə bağlı təkrar
ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb.

Dövlət ittihamçısı bildirib ki, hadisə anı ilə bağlı keçirilən
ekspertizanın 11 səhifəlik rəyində şübhəli heç bir məqam ortaya
çıxmayıb. Ona görə də vəsatət rədd edilsin.

Məhkəmə bu vəsatəti də rədd edib.

Qeyd edək ki, hadisə bu il sentyabrın 30-da Nizami Rayon Polis
İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post
Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov
tərəfindən qətlə yetirilib.

İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən
həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım
Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti
əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı
övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15
dəfə atəş açaraq qəsdən öldürüb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl
Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti
vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun
özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci
(qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan
edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: