Görkəmli tarixçi-etnoqraf alim, Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə
müdiri, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenləri laureatı,
akademik Teymur Bünyadov aprelin 8-də 94 yaşında vəfat edib.
AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından
məlumat verilib.
Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II
Şıxlı kəndində doğulub, orta məktəbi qızıl medalla bitirərək
1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə
daxil olmuşdu. Ali təhsilini başa vurduqdan sonra Moskvada SSRİ
Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun
aspiranturasına daxil olmuş, dünya şöhrətli Qafqazşünas alim
Y.İ.Krupnovun rəhbərliyi ilə “Tunc dövründə Azərbaycanda əkinçilik
və maldarlıq” namizədlik dissertasiyası müdafiə etmiş, tarix
elmləri namizədi alimlik dərəcəsini almışdı.
Teymur Bünyadov 1955-ci ilin may ayında Azərbaycan EA Tarix
İnstitutunda elmi fəaliyyətə başlamışdı. Həmin ildən onun bütün
həyatı və elmi fəaliyyəti Azərbaycan EA-nın Tarix, 1993-cü ildən
isə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlı olmuşdu.
Alim 1968-ci ildə “Azərbaycanın qədim və Orta əsrlər dövrü
təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə
edərək respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində
ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə
professor elmi adına layiq görülmüşdü. O, 1989-cu ildə Azərbaycan
EA-nın müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü
seçilmişdi.
Akademik Teymur Bünyadovun fəaliyyəti daha çox Azərbaycanın
arxeologiya və etnoqrafiya elmi ilə bağlı idi. Yorulmaz tədqiqatçı
35 monoqrafiyanın və 800-dən çox məqalənin, o cümlədən, xarici
ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr
olunmuş əsərlərin müəllifi idi.
Alim elmi və bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də
səmərəli fəaliyyət göstərmişdi. O, uzun illər Bakı Dövlət
Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji
Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”,
“Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən dərs demişdi.
Teymur Bünyadov respublikanın ictimai həyatında da fəal iştirak
etmişdi. 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli
Məclisinin deputatı seçilmişdi. O, həmin müddətdə Milli Məclisin
Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri olmuşdu.
Akademikin səmərəli elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti
dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, 2008-ci ildə
Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 2005-ci ildə
“Şöhrət” ordeni, 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif
edilmişdir.