Tarix-mədəniyyət abidələri özəlləşdirilə bilər? – AÇIQLAMA

Ölkəmizdə elə tarixi-mədəni abidələr var ki, vətəndşalarının
xüsusi mülkiyyətindədir. Həmin tarixi əhəmiyyətli abidələrdən
müxtəlif insanlar ictimai-iaşə obyekti kimi istifadə edir. Bəs
tarix-mədəniyyət abidələrinin şəxsi mülkiyyətə verilməsi hansı
halda mümkündür?

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və
İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova
Trend-ə bildirib ki, tarix və mədəniyyət
abidələrinin qorunması haqqında AR-nın qanuna müvafiq olaraq
abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi
mülkiyyətdə ola bilər. Qeyd edim ki, dünya təbii və mədəni irs
siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid
dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə (yerli
əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları,
onların ayrı-ayrı hissələri və qanunda nəzərdə tutulmuş
özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli memarlıq
abidələri istisna olmaqla) yol verilmir. Mühəndis
kommunikasiyaları, müdafiə obyektləri, şəhərsalma, dini və xatirə
abidələri, hidrotexniki qurğular istisna olmaqla, yerli əhəmiyyətli
memarlıq abidələri qanunvericiliyə uyğun olaraq özəlləşdirilə
bilər.

“Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və
hüquqi şəxslər Dövlət Xidməti ilə həmin abidələrin qorunmasına dair
Mühafizə Müqaviləsi bağlamalıdırlar və həmin abidələrin
salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq məsuliyyət daşıyırlar.

Abidələrin üzərində aparılacaq işlərin layihəsi Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə
alınmaqla təsdiq edilir.

Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş
hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə,
xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin
halına gətirməkdir.

Qeyd edilən şərtlər daxilində abidələrin xüsusi mülkiyyətə
verilməsində heç bir qanun pozuntusu yoxdur.

Hətta qeyd edərdim ki, bəzi hallarda tarix-mədəniyyət
abidələrinin xüsusi mülkiyyətə verildikdən sonra razılaşdırılan
müvafiq xidmət və iaşə obyektləri qismində istifadəsi həmin
abidələrin qorunması və mühafizəsi baxımından müsbət nəticə verir”,
– deyə N.Allahyarova bildirib.

Teqlər: