Tarif Şurasından dərmanların qiymətləri ilə bağlı açıqlama

Tarif Şurasından dərmanların qiymətləri ilə bağlı açıqlama

Tarif (qiymət) Şurası bəzi dərman vasitələrinin qiymətlərinin yenidən tənzimlənməsinə aydınlıq gətirib.

Şuradan AzerTimes-a bildirilib ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

“Şuranın dekabrın 28-də keçirilən növbəti iclasında dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq olunub və bununla da qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 13 min 642-yə çatıb. Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır. Bununla yanaşı, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və ölkəyə dərman vasitələrinin idxalında logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətinə yenidən baxılması zərurəti yaradıb. Qeyd edilən məsələlər, həmçinin dərman təchizatında fasilələrin yaranmasına səbəb olur” – məlumatda qeyd edilib.

Şuradan vurğulanıb ki, dərman qıtlığının qarşısının alınması və əhalinin etibarlı təchizatının təmin olunması məqsədilə idxalçı şirkətlər mövcud qiymətlərə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət ediblər: “Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətinə yenidən baxılıb”.

Teqlər: