Tanınmış yazıçı Varis Yolçiyev Mingəçevir Dövlət Universitetinin qonağı olub (FOTO)

2022-ci ilin 14 aprel tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) Təhsil fakültəsində Əməkdar jurnalist,
tanınmış yazıçı-publisist Varis Yolçiyev ilə görüş keçirilib.
Görüşdə fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və
magistrantları iştirak ediblər.

Universitetdən AzerTimes-a bildirilib ki, tanınmış yazıçının
universitetin tələbə və müəllim kollektivi üzvləri ilə bir arada
olmasından məmnunluğunu bildirən MDU-nun Təhsil fakültəsinin dekanı
Nizami Zeynalov onun zəngin yaradıcılıq fəaliyyətindən bəhs
edib.

V.Yolçiyevin Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt
festivallar festivalında qızıl medala layiq görülən, London ədəbi
mükafatının qısa siyahısına düşən “Metamorfoz”, Nyu-Yorkda Dünya
Yazıçıları Konqresində pitçinqi keçirilən “77-ci gün”, Türkiyədə ən
populyar kitablar siyahısında yer alan “Son məktub”, Özbəkistanda
ən çox satılan kitablar sırasında 2-ci yerə yüksələn “Sənə
inanıram”, Rusiyada Moskva Ədəbiyyat Mükafatı qazanan “Yanvarın 13
günü” romanları söhbət mövzusu olub.

Göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü
bildirən V.Yolçiyev görüşdə ədəbi, ictimai və təşkilati fəaliyyəti
ilə bağlı təcrübəsini tələbə gənclərlə bölüşüb, onlara bilik və
bacarıqlarını artırmaları üçün müvafiq tövsiyələrini çatdırıb və
iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Sonda V.Yolçiyev gənc oxuculara müəllifi olduğu kitabları
hədiyyə edib və onlarla xatirə şəkilləri çəkdirib.

Görüş iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
tələbə gənclərin hərtərəfli inkişafı məqsədilə müvafiq görüşlərin
keçirilməsinə xüsusi önəm verilir.

Teqlər: