Tanınmış səyyahlar Qarabağ və Şərqi Zəngəzura səfərləri ilə bağlı mətbuat konfransı keçiriblər

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Qarabağ və Şərqi Zəngəzura səfər etmiş tanınmış xarici
səyyahlar Trend İnformasiya Agentliyinin konfrans zalında mətbuat
konfransı keçiriblər.

AzerTimes-ın məlumatına
görə, xarici səyyahlar azad edilmiş ərazilərə səfərləri zamanı
təəssüratlarını bölüşüb, ermənilər tərəfindən orada törədilən
dağıntılar və Azərbaycan hökuməti tərəfindən aparılan sürətli
quruculuq işləri haqqında danışıblar.

Səyyah Salvatore Lavallo deyib ki, Azərbaycanın
azad edilmiş əraziləri ilə tanış olmaq üçün yaxşı imkanları olub:
“Bu yerlərlə tanış olmaq üçün çox yaxşı şansımız oldu. Orada çox
sürətli quruculuq işləri aparılır. Biz Ağdama səfər etdik, orada
aparılan işlərlə tanış olduq. Düşünürəm ki, regionda sülh olmalı,
insanlar sülh şəraitində yaşamalıdır. Qafqaz sülh regionuna
çevrilməlidir. Azərbaycan bunun üçün bütün işləri görür. O yerlərdə
aparılan sürətli quruculuq işləri Azərbaycanın sülh istəyini
göstərir”.

Səyyah, bloger Ranqpətç Netnapat Azərbaycana
ikinci dəfə gəldiyini diqqətə çatdırıb. İxtisasının turizm olduğunu
qeyd edən səyyah bildirib ki, Qarabağın çox böyük turizm potensialı
var.

“Gələcəkdə insanlar daha çox Azərbaycana gələcək, Azərbaycan
gözəl turizm məkanına çevriləcək. Qarabağın da çox böyük turizm
potensialı var. Qarabağda sülhün bərqərar olması turizmin
inkişafına böyük imkan yaradacaq. Qarabağda bərpa, quruculuq işləri
aparılır. Əlbəttə, orada dağıntılar insana çox pis təsir edir.
Ancaq aparılan quruculuq işləri insanı sevindirir”, – R.Netnapat
deyib.

Səyyah Nikola Koratella bildirib ki, xüsusən
Kəlbəcərin çox gözəl təbiəti var: “Biz bu torpaqlarda böyük
dağıntılar gördük. Amma bu dağıntılarla yanaşı, böyük quruculuq,
tikinti işlərini də müşahidə etdik. Yenidənqurma işlərindən sonra
bu torpaqlar daha da gözəlləşəcək. Kəlbəcərdə turizmin inkişafı
üçün böyük potensial var. Bu yerlər dünyadakı turistlər üçün yeni
bir məkan olacaq. Yeni avtomobil və dəmir yolları o regionun
inkişafı üçün böyük əhəmiyyət daşıyır”.

Səyyah Dorde Kapraloviç isə bildirib ki, bu
gözəl yerlərdə hələ heç kim yaşamır: “Ancaq Azərbaycan hökuməti bu
ərazilərdə bərpa və quruculuq işlərinə çox böyük diqqət ayırır. Bu
torpaqlarda kənd təsərrüfatı, o cümlədən bal istehsalı üçün böyük
potensial var. Bu ərazilərdə kurortların yaradılması üçün gözəl
yerlər var.

“NomadMania” klubunun rəhbəri Harry Mitsidis
qeyd edib ki, Azərbaycana gəlmək çox gözəl hisdir: “Burada insanlar
çox səmimidirlər. Azərbaycan dünyanın gözəl bir guşəsidir. Ümid
edirəm ki, 10 il sonra bu ərazilərə gələndə böyük otellər, ağıllı
kəndlər, inkişaf etmiş iqtisadi məkanlar görəcəyik. Ümid edirəm ki,
Qarabağ Avropa və Azərbaycan arasında yeni bir körpüyə çevriləcək.
Daha çox insanlar Azərbaycana gələrək bu ölkəni kəşf
etməlidirlər”.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura səfər dünyanın ən azı
100-dən çox ölkəsində olmuş məşhur səyyahları birləşdirən
beynəlxalq “NomadMania” klubunun təşkilatçılığı ilə keçirilib.

Klubun rəhbəri Harry Mitsidis səyyahların 3 gün davam etmiş
səyahətdən xoş təəssüratla ayrıldıqlarını söyləyib.

Teqlər: