Tərtər rayonunun Talış kəndinin sakinləri baharın gəlişini 30 ildən sonra doğma yurdlarında qarşılayıblar.
AzerTimes xəbər verir ki, Talış kəndində Novruz şənliyinin keçirildiyi meydanda səmənilər, xonçalar düzülüb, Novruz adət-ənənələri nümayiş etdirilib. Qız-gəlinlər müxtəlif şirniyyatlar, sac üstündə yuxa bişirib, iştirakçılar yumurta döyüşdürüblər. Novruzun personajları olan Kosanın və Keçəlin məzhəkəli oyunları, kəndirbazın, pəhləvanın, qılıncla rəqs edən və alov şousu göstərən ifaçıların çıxışları maraqla qarşılanıb. Musiqiçilərin, balaban, zurna, dəf ifaçılarının çıxışları da bayrama xüsusi rəng qatıb. Əllərində Azərbaycan Respublikasının Dövlət Bayrağını tutmuş milli geyimli gənclərin Qarabağ atlarının üstündə meydana gəlmələri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycan Dövlət Kukla Teatrının truppası M.F.Axundzadənin məşhur “Müsyo Jordan və Dərviş Məstəli Şah” komediyası əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirib. Sonra teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının uşaq qrupunun ifasında “Can Qarabağ” konserti olub.
Sonra Əməkdar artist Aybəniz Haşımovanın və “Sənət Akademiyası” tələbələrinin ifasında “Qarabağa gəlirik” və “Vətəndən pay olmayır” mahnıları ifa edilib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin çıxışından sonra Milli səs yarışının iştirakçısı Asim Abbasovun və gənc xanəndə Yusif Cəfərbəylinin ifaları sakinlər tərəfindən böyük maraqla dinlənilib.
Sakinlər qonaqlarla birlikdə “Yallı” sədası altında rəqs edib, şənləniblər. Axşam saatlarında kənd sakinlərinin iştirakı ilə bayram tonqalı qalanıb.