Cenevrəyə səfər edən Taliban hərəkatının nümayəndə heyəti dünya
ictimaiyyətini Əfqanıstan əhalisinə yardım göstərməyə çağırıb.
Trend xəbər verir ki, Geneva Call QHT saytında dərc edilmiş
bəyanatda Taliban ölkədə humanitar fəaliyyəti təşviq etməyə və
humanitar işçilərin müdafiəsini təmin etməyə razılıq verib.
Hərəkatın təyin etdiyi səhiyyə naziri Qələndər İbadın başçılıq
etdiyi nümayəndə heyəti beynəlxalq ictimaiyyətə müraciət edərək,
yardımın heç bir fərq qoyulmadan qeyri-siyasi, qərəzsiz və müstəqil
şəkildə gəlməsini təmin etmək üçün humanitar təşkilatları
dəstəkləməyə çağırıb. Əfqan nümayəndələri yardımın çatdırılması
məsələlərinin həllində şəffaf qarşılıqlı fəaliyyətin tərəfdarı
olduqlarını bildiriblər.
Onlar sərhədlərin açıq saxlanmasının vacibliyini vurğulayıblar
və yardım ləvazimatlarının çatdırılması üçün Talibanın təhlükəsiz
dəhlizlər yaratmaq səylərində kömək gözlədiklərini bildiriblər.