Salyanda taksi sürücüsünü qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Belə ki, noyabrın 18-də Masallı rayonu, Qızılağac kənd sakini 1957-ci il təvəllüdlü Etibar Məmmədovun üzərində xəsarət izləri olan meyitinin Salyan rayonu, Xocalı kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə Etibar Məmmədovun sərnişin kimi avtomobilinə götürdüyü 1975-ci il təvəllüdlü Müşviq İskəndərovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Müşviq İskəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.