Şuşanı dayanıqlı içməli su ilə təmin etmək üçün yeni su anbarı tikiləcək

Şuşanı su ilə təmin etmək üçün yeni su anbarı tikiləcək.

Trend xəbər verir ki, bu barədə Şuşa şəhərinin və Şuşa rayonunun
Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə
bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin
hazırlanması məqsədilə yaradılmış işçi qrupun növbəti iclasında
bildirilib.

Bildirilib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhəri
su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti
qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su
anbarlarında təmir-bərpa işləri həyata keçirilib. Şəhər ərazisində
davam edən abadlıq-quruculuq və tikinti-quraşdırma işləri, yeni
tikiləcək yaşayış və qeyri-yaşayış obyektləri içməli suya tələbatı
xeyli artıracaq. Mövcud mənbələrin məhsuldarlığı yay mövsümündə
tələbatı tam ödəməyəcək. Bütün bunlar nəzərə alınaraq alternativ
mənbə kimi Zarıslı çayının su ehtiyatlarından istifadə olunması
nəzərdə tutulur. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə
alınmaqla dayanıqlı içməli su təminatı məqsədilə çayın məcrasında
yeni su anbarının layihələndirilməsi işləri davam etdirilir.
Zarıslı çayının məcrasında yaradılacaq anbarda toplanan suyun
şəhərə nəqli məqsədilə nasos stansiyasının və 2,6 km uzunluğunda
təzyiqli su kəmərinin inşası planlaşdırılır.

Teqlər: