Şuşa. Trend:
Şuşada keçirilən birinci Beynəlxalq Kulinariya Festivalı tarixi,
möhtəşəm və əlamətdar hadisə olmaqla yanaşı, Qarabağda turizminin
inkişafına da böyük töhfə verib.
Bu barədə AzerTimes-a
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
“Bu, Azərbaycan Prezidenti İlham Əliyevin müzəffər siyasətindən
xəbər verir. Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin
birgə irimiqyaslı layihə həyata keçirməsi ilk dəfə deyil. Heydər
Əliyev Fondu Azərbaycanda turizmin inkişafı üçün çox işlər görür.
Şuşada birinci Beynəlxalq Kulinariya Festivalını keçirməyimiz
Azərbaycan üçün böyük sevinc, qürur və böyük uğurdur. Burada bir
çox ölkələrin nümayəndələri, Avropadan, Latın Amerikasından,
Asiyadan qonaqlar iştirak edir ki, bu da nəinki ölkənin, dünya
xalqlarının mədəniyyətinin, adət-ənənələrinin və milli mətbəxinin
bütün zənginliyini, həm də böyük turizm potensialını göstərmək bir
daha nümayiş etdirməyə imkan verir. Qeyd etmək istərdim ki,
qastronomik turizm dünya turizminin prioritet sahələrindən biridir.
Azərbaycanın kulinariya ənənələri ölkəmizin, onun qədim
mədəniyyətinin səciyyəvi cəhətlərindən biri olduğundan bu
festivalın ənənəvi xarakter alacağını və bütün dünyanın diqqətini
cəlb edəcəyini düşünürük”, – deyə F.Nağıyev qeyd edib.
Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.
Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edir.