Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı işini panel iclasları ilə davam etdirib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya
Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı aprelin 22-də
işini “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında
duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” və “Qarabağın
bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri”
mövzularında panel iclasları ilə davam etdirib.

Trend xəbər
verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun
moderatorluğu ilə keçirilən “Postmüharibə dövründə Azərbaycan
diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol
xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident
Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və
dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Almaniya
Azərbaycanlıları Alyansının sədri, tibb elmləri doktoru Nuran
Abdullayev, Gürcüstanın İş Adamları Birliyinin sədri Nəriman
Qurbanov, “Sara Xatun” Qadınlar Cəmiyyətinin rəhbəri Simuzər
Baloğlanova və Türkiyənin “Star” qəzetinin xarici siyasət yazarı,
tədqiqatçı-jurnalist Sevil Nuriyeva çıxış ediblər.

Qeyd edilib ki, Qurultayın məqsədi postmünaqişə reallıqlarında
Azərbaycan diasporunun qarşısında duran vəzifələrin, fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsidir. Diqqətə çatdırılıb ki,
2020-ci ildə Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi ilə
Azərbaycan diasporunun qarşısında duran vəzifələr də dəyişib. Əgər
İkinci Qarabağ müharibəsinədək xarici ölkələrdəki diaspor
təşkilatlarımızın torpaqlarımızın işğalı, Ermənistanın təcavüzkar
siyasətinin dünyaya çatdırılması idisə, bu gün əsas məqsəd işğaldan
azad edilmiş ərazilərimizdə qarşıya çıxan problemlərin,
şəhərlərimizin işğal dövründə yerlə-yeksan edilməsinin,
Azərbaycanın maddi-mədəni və dini irsinin vandalizmə məruz
qalmasını beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.

Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan diasporunun
qarşısında böyük vəzifələr dayanır. Diaspor nümayəndələri
azərbaycançılıq məfkurəsi əsasında daha sıx birləşməlidir, sosial
şəbəkələrdə fəallığı artırmalı, dünya ictimaiyyətinin diqqətini
Qarabağdakı real vəziyyətə, mina probleminə və Birinci Qarabağ
müharibəsində itkin düşmüş 4 minə yaxın Azərbaycanın taleyinə
yönəltməlidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün regionda sülh
gündəliyini təqdim edib. Bundan sonrakı çağırışlar yeni üslubda
təqdim edilməlidir. Əsas məsələlər Vətən, onun taleyi və ölkəmizin
ərazi bütövlüyünün təmin edilməsi, ana dilinin, tarixin,
mədəniyyətin yaşadılması və inkişaf etdirilməsi ilə bağlı
olmalıdır.

Qurultay çərçivəsində keçirilən ikinci panel iclası isə
“Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun
töhfələri” mövzusunda olub. Diasporla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən panel
iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci
vitse-prezidentin köməkçisi Emin Hüseynov, Azərbaycan
Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur
Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman
Hacıyev, “Yaşat“ Fondunun Himayəçilik Şurasının üzvü, Danimarkada
Azərbaycan diasporunun fəal üzvü Məsud Aşina, Dünya Bankı və
Fondunun Azərbaycanlı Əməkdaşlar Assosiasiyasının təsisçisi
Bəxtiyar Kərimov, Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq
münasibətlər kafedrasının müdiri Niyazi Niyazov və Amerikanın orta
qərb ştatları üzrə Azərbaycan mərkəzi, Amerika Azərbaycanlıları
Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Esmira Bayramova çıxış
ediblər.

Tədbirdə ilk olaraq bildirilib ki, Azərbaycan işğaldan azad
edilmiş ərazilərdə misli görünməmiş bərpa və quruculuq işləri
aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət
mərkəzində olan bu fəaliyyət çox sayda dövlət qurumu, yerli və
xarici şirkətlərin koordinasiyalı və sistemli işini tələb edir və
bərpa işləri ilə bağlı tematik mövzularda işçi qrupları fəaliyyət
göstərir. Məsul qurumların əlaqələndirilmiş fəaliyyəti əsasında
Böyük Qayıdış proqramı Azərbaycanın müqəddəs torpaqlarında bərpa və
quruculuq işlərinin həyata keçirilməsinə, onun əsl sahibləri üçün
layiqli həyatın təmin olunmasına xidmət edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərin bərpasında
genişmiqyaslı quruculuq konsepsiyasına start verib. Buraya bir
tərəfdən maddi-mədəni irsin qeydiyyatı və bərpası, infrastruktur
layihələrinin gerçəkləşdirilməsi, digər tərəfdən isə minaların
təmizlənməsi və təhlükəsizlik tədbirlərinin görülməsidir. Mina
problemi quruculuq işləri qarşısında ciddi maneə yaradır. Erməni
işğalı nəticəsində ərazilərin minalarla çirkləndirilməsi münaqişə
başa çatdıqdan sonra iki yüzdən çox soydaşımızın həyatına son
qoyub.

Panel iclasında Qarabağ Dirçəliş Fondunun fəaliyyətindən də bəhs
edilib, layihələrin dəstəklənməsi üçün dövlət və özəl sektorun
yatırımları, eləcə də ianələrin qəbulu barədə məlumat verilib. Qeyd
edilib ki, Azərbaycan diasporunun üzvləri xaricdən sərmayələrin
cəlb olunması, bərpa işlərinin dəstəklənməsi missiyasına yardım
göstərilməsi işlərində fəal olmalıdırlar.

Bildirilib ki, hazırda Azərbaycan Qarabağda məskunlaşma üzrə
mühüm layihələr həyata keçirir, dünya urbanizasiya təcrübəsinin ən
müasir modellərini yaradır, “ağıllı şəhər” və “ağıllı kənd”
layihələri gerçəkləşdirilir.

Panel iştirakçıları ötən dövrə nəzər salaraq, indiyədək
keçirilmiş dörd qurultayda məğlub xalqın təmsilçiləri kimi iştirak
etdiklərini, Şuşa Qurultayında isə ilk dəfə müzəffər xalqın
təmsilçiləri olaraq bir araya gəldiklərini, Şuşadakı yüksək
əhval-ruhiyyənin diaspor təşkilatlarına da sirayət etməli olduğunu
diqqətə çatdırıblar. Ermənistanın Azərbaycan ərazilərini işğal
etməsi, törədilmiş cinayətlər və vandalizm aktları dünya
ictimaiyyətinə çatdırılmalı, eyni zamanda, postmüharibə dövründə
quruculuq işlərinə investisiyaların cəlb olunması üçün iş
aparılmalıdır.

Panel iclasları bədii hissə ilə davam edib.

Teqlər: