Şuşada Beynəlxalq Kulinariya Festivalı çərçivəsində Cıdır düzündə rəssam və heykəltəraşların iştirakı ilə plener keçirilib (FOTO)

Şuşa. Trend:

Şuşada keçirilən birinci Beynəlxalq Kulinariya Festivalı
çərçivəsində Cıdır düzündə rəssam və heykəltəraşların iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçirilib.

AzerTimes-ın
məlumatına görə, təbiət qoynunda yaradılmış əsərlər işğaldan azad
edilmiş bu şəhərin bugünkü vəziyyətini, ecazkar təbiətini əks
etdirir.

Azərbaycanın xalq artisti, professor Arif Hüseynov festivalın
böyük əhəmiyyətini qeyd edib:

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşada birinci Beynəlxalq
Kulinariya Festivalının keçirilməsi tarixi hadisədir. Qeyd etmək
lazımdır ki, festivalda kulinariya ilə yanaşı, Azərbaycan
mədəniyyətinin və ümumən incəsənətinin geniş təqdimatı keçirilir.
Xüsusilə, “Azərxalça” ASC-nin yerli və xarici qonaqlar üçün “Xalça
necə doğulur” interaktiv tamaşası və Azərbaycan Xalçaçısı Günü
xüsusi maraq doğurur. Festivalda Azərbaycanın görkəmli rəssamları
və heykəltəraşları iştirak edirlər ki, onlar öz yaradıcılıqları ilə
ölkə həyatında bayram hadisəsini yaşadırlar. Burada, həmçinin
müxtəlif ölkələri bir araya gətirən dünya xalqlarının mədəni
ənənələrini təqdim olunub. Kulinariya həm də xalqların
mədəniyyətinin və milli dəyərlərinin əks etdirilməsidir ki, onların
sintezi Şuşa festivalının bütün parlaq palitrasını göstərir”.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edir.

Teqlər: