Şuşa və Ağdam istiqamətində iyun ayına olan biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi
müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər 25 may 2022-ci
il saat 11:00-da satışa çıxarılacaq.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus
marşrutları yanvarın 24-də istifadəyə verilib.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı
dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq,
avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.
Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində reyslərin
sayının artırılması qərara alınıb. İyun ayından etibarən
sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 5 dəfə səfər
edə biləcəklər.

Müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı
vasitəsilə onlayn qaydada almaq olar.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara bir daha
tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar”
təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz
sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər.
Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki
məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız
şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə
oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer
edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq
dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib
və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə
giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün
keçərlidir və ötürülməsi mümkün deyil.

Vətəndaşlardan qanunsuz bilet satışı halları ilə rastlaşdıqları
halda bu barədə [email protected] elektron poçt ünvanı,
https://www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412)
566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinə məlumat vermələri xahiş olunur.

Teqlər: