Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin iki komitəsinin birgə iclası keçirilib (FOTO)

Aprelin 8-də Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitələrinin birgə iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a verilən məlumata görə, iclası açan Milli Məclis sədrinin
birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali qanunvericilik
orqanının bu tədbirinin Şuşada baş tutması Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsində əldə olunmuş tarixi Qələbənin nəticələrindən
biridir.

İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər
ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş
şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
Sərəncamı ilə elan olunmuş Şuşa ili çərçivəsində bir çox tədbirlər
keçirilir. Birinci vitse-spiker bu il ərzində parlament
komitələrinin iclaslarının Şuşada keçirilməsi ilə bağlı verdiyi
qərara görə bütövlükdə iştirakçılar adından Milli Məclisin sədri
Sahibə Qafarovaya təşəkkür edib. Qeyd edilib ki, artıq Şuşa
şəhərində bir çox dövlət orqanları fəaliyyət göstərir.
Qanunvericilik hakimiyyəti orqanının tədbirlərinin burada
keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib
göstəriciləridən biri kmi mühüm siyasi əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, birgə komitə iclasının Müstəqil Azərbaycanın dövlət
quruculuğunda xüsusi əhəmiyyət kəsb edən 2018-ci ilin Prezident
seçkilərinin 4-cü ildönümü ərəfəsində keçirilməsi rəmzi məna
daşıyır. 4 il bundan əvvəl Azərbaycan xalqı yenidən öz tarixi
seçimini etdi, cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildi və
bu seçim həm də Qarabağın işğaldan azad olunmasına gətirib
çıxardı.

Bildirilib ki, Şuşanın və işğal altında olmuş digər
ərazilərimizin azad olunması Ulu öndər Heydər Əliyevin ən böyük
arzusu idi və bu gün onun ruhu şaddır.

Sonra komitələrin ilk dəfə olaraq azad Şuşada keçirilən
iclasının gündəliyindəki məsələlər müzakirə olunub. Qeyd edilib ki,
gündəlikdə iki məsələ var.

İclasda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov diqqətə
çatdırıb ki, qalib xalqın parlamentariləri kimi burada iclas
keçirmək böyük şərəfdir. O, cənab Prezidentin xeyir-duası ilə
keçirilən bu iclasa və onun təşkilinə görə parlamentin rəhbərliyinə
təşəkkürünü bildirib.

Sonra “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası
Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi
təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq
edilməsi haqqında gündəliyin birinci məsələsini təqdim edən Ziyafət
Əsgərov bildirib ki, ölkəmiz NATO-nun Şərq Tərəfdaşlığı proqramında
fəal iştirak edir. İndiyədək bu üç ölkə arasında dəfələrlə bu
çərçivədə təlimlər keçirilib. Bu Anlaşma Memorandumu da həmin
əməkdaşlığa əsasən müzakirəyə çıxarılıb. Sənəd 2019-cu il oktyabrın
10-da Bakı şəhərində imzalanıb.

İclasda çıxış edən Milli Məclisin İntizam Komissiyasının sədri
Eldar İbrahimov da azad Şuşada olmaqdan şərəf duyduğunu bildirib.
O, bu tədbirin böyük siyasi əhəmiyyətini qeyd edib, Şuşada və
işğaldan azad olunmuş digər ərazilərimizdə aparılan sürətli bərpa
və quruculuq işlərindən danışıb. Komissiya sədri tezliklə
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağına
inamını ifadə edib.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə
olunub.

Sonra iclasın gündəliyindəki ikinci məsələ – Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə
qanun layihəsi müzakirə olunub.

Layihə barədə məlumat verən Milli Məclis Aparatının Dövlət
quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı
Mirhəşim Seyid bildirib ki, təklif olunan dəyişiklik ölkəmizdə
xarici iqtisadi fəaliyyətin həyata keçirilməsinin səmərəliliyini
artırmaq məqsədi daşıyır. Belə ki, Cinayət Məcəlləsinin 208-ci
maddəsinin 1-ci hissəsinin yeni redaksiyada verilməsi təklif
olunur. Yeni redaksiyada deyilir ki, “Xarici iqtisadi fəaliyyətin
həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan
Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada
köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini
xaricdən qaytarmama – üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır”.

Deputatlardan Erkin Qədirlinin, Ziyafət Əsgərovun fikirləri
dinlənildikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında
müzakirəyə tövsiyə olunub.

Bununla da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin
Şuşada keçirilən birgə iclası başa çatıb.

Teqlər: