Şuşa bütün dünya azərbaycanlıları üçün müqəddəs məkandır – Kamaləddin Qafarov

Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində
keçirilməsi həm mənəvi, həm də siyasi baxımdan böyük əhəmiyyət kəsb
edən bir hadisədir. Şuşa təkcə ölkəmizdə deyil, bütün dünyada
yaşayan Azərbaycanlıların doğma şəhəri olaraq şəhidlərimizin
qanı-canı bahasına işğaldan azad edilmiş, xalqımızın, dövlətimizin
tarixi Zəfərinin ən möhtəşəm mücəssəməsi olmuşdur. Prezident İlham
Əliyevin öz çıxışında dediyi kimi, aprel ayının 22-də dünya
azərbaycanlıları Şuşada özlərinin Zəfər qurultaylarını
reallaşdırdılar. Çünki Vətən müharibəsində əldə olunmuş tarixi
Zəfərdən sonra dünya azərbaycanlıları ilk dəfədir ki, bir yerə
toplaşır, qurultay keçirdilər. Bundan sonra Azərbaycan xalqı
müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz
qalib dövlət kimi yaşayacaq”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili məlumat verib ki, bu mötəbər tədbirin məhz Şuşa
şəhərində baş tutması ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayında
Ulu Öndərin dediyi tarixi sözlərin gerçəyə çevrildiyini nümayiş
etdirdi: “Dünya Azərbaycanlılarının ilk qurultayı məhz Heydər
Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. Həmin qurultayda
etdiyi tarixi çıxışında Ulu Öndər Qarabağ problemi ilə bağlı öz
fikirlərini də bildirmiş və demişdi ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan
azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba yurduna
qayıdacaqdır. Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Ulu Öndərin bu sözlərini
gerçəyə çevirdi. Qarabağ münaqişəsinin həlli Azərbaycanın
qarşısında duran başlıca vəzifə idi. Azərbaycan xalqı 30 il davam
edən işğala son qoymaq üçün öz Prezidentinin ətrafında birləşdi,
birliyini, iradəsini və gücünü ortaya qoydu, ədaləti, beynəlxalq
hüququ bərpa etdi. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz,
müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir
azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa milli
mədəniyyətimizin, incəsənətimizin beşiyidir. Erməni qəsbkarları
1992-ci il mayın 8-də işğal etdikləri Şuşanı uzun illər bütün
dünyaya erməni şəhəri kimi tanıtmağa çalışsalar da, buna nail ola
bilmədilər. Eyni siyasət Ermənistan tərəfindən 30 il ərzində
Azərbaycanın işğal olunmuş digər şəhər və kəndlərinə qarşı da
aparılıb. Lakin bütün bu yalan və uydurmalar son nəticədə erməni
ideoloqlarının, necə deyərlər, öz başlarında çatladı. Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid əsgər və
zabitlərimiz 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə
Vətən müharibəsini tarixi Qələbə ilə başa vurdulr və bununla da
Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq arzularına
birdəfəlik son qoydular”.

Kamaləddin Qafarov qeyd edib ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış
üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinə son qoyuldu. Əslində Ermənistan üçün bir kapitulyasiya
aktı mahiyyəti daşıyan bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun
yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi
Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət
başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə
imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Bu möhtəşəm tarixi
zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan
sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu
reallıqlarla hesablaşmaq məcburiyyətindədir.

Millət vəkili xüsisi vurğulayıb ki, Azərbaycan Ordusu müharibə
dövründə heç zaman hərbi cinayət əməllərinə əl atmayıb və
müharibəni ləyaqətlə aparıb: “ Ermənistan döyüş meydanında məğlub
oldu. Lakin bu gün yenə də bəzi qüvvələr tərəfindən Ermənistanda
revanşist əhval-ruhiyyəsi qızışdırılır, erməni faşizminin yenidən
dirçəldilməsinə cəhdlər olunur. Prezident İlham Əliyev öz
çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan xalqı erməni
faşizminin törətdiyi vəhşilikləri heç zaman unutmamalıdır.
Azərbaycan erməni faşizminin vəhşiliklərinin nəticələrini bütün
dünyaya daim xatırlatmalı və bu bəlanı yenidən region üçün təhdidə
çevirmək istəyən qüvvələrə qarşı beynəlxalq həmrəyliyi təmin
etməlidir. Məhz bu yönümdə də bütün dünyada yaşayan soydaşlarımızın
birliyi, həmrəyliyi bizim ən güclü silahımız olmalıdır. Azərbaycan
heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən
baş qaldırsın. Bunu hər kəs bilməli və Azərbaycanın görə biləcəyi
əks-tədbirlərin Ermənistana çox baha başa gələcəyini də aydın
şəkildə dərk etməlidir”.

Teqlər: