Surət öldü: hərəkatçılar, gedin, Əliyevə rəhmət oxuyun!

Surət öldü: hərəkatçılar, gedin, Əliyevə rəhmət oxuyun!

Surət Hüseynovun ölümü 1990-cı illəri – Birinci Qarabağ savaşını, məğlubiyyətləri, qiyamı, dövlət çevrilişini, vətəndaş müharibəsini bir daha göz önünə gətirdi.

Surət Hüseynovun fəaliyyəti, müharibədəki rolu və sonra hakimiyyətə iddiası bir kiçik məqaləyə sığa bilməz. Lakin gənclərin böyük əksəriyyətinin bu hadisələr haqda tam məlumatsız olmasını görüb, yaxın tariximizin yazılmasını yaxın gələcəyə saxlaya bilmərik.

Qısaca qeydlər edək:

Surət Hüseynov 1993-cü ilin iyun hadisələri zamanı çox məşhurlaşmışdı, xalq ona tam şəkildə inanır, sevir, dəstəkləyirdi. İyun qiyamı günlərində övladının adını Surət qoyanların sayı bəlkə də yüzlərlə idi. Niyə Surət Hüseynov bu qədər məşhur idi?

İyun qiyamına qədər Surəti az adam tanıyırdı, çox az: qiyama qədər onun şəklini belə çox adam görməmişdi.

Yevlax Yun Zavodunun gənc, əliaçıq, qazanmağı və xərcləməyi sevən rəhbəri müharibənin qızğın vaxtlarında yerli özünümüdafiə batalyonlarının təşkilində ciddi rol oynayırdı: pul xərcləyib ruslardan silahlar alırdı, özünümüdafiə batalyonuna cəlb edilən əsgərlərə yaxşı baxırdı, onların yeməyi-içməyi, ailələrinin dolanışığı yeni yaradılan, formalaşmasında çətinlik olan, kasib və ac ölkənin büdcəsinə möhtac milli ordunun əsgərlərindən daha yüksək idi.

Surət Hüseynovun bu səxavəti və əsgərlərə münasibəti onu qısa müddətdə döyüşçülərə sevdirmişdi, əhatəsini genişləndirmişdi və Surətin əsgərləri Qarabağdakı döyüşlərdə fərqlənirdilər.

Bunu Elçibəy hakimiyyəti də görürdü və ona dəstək verirdi. Surət Hüseynov məhz Elçibəyin hakimiyyəti zamanı Milli Qəhrəman adı aldı, 709-cu briqadanın komandiri təyin edildi, az sonra isə Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi oldu.

Surət Hüseynovun maddi imkanları, ruslarla əlaqələri sayəsində silahlar əldə edə bilməsi, döyüşdə – xüsusilə 1992-ci il 12 iyunda başlayan, Gülüstanın və Ağdərənin erməni yaraqlılarından təmizlənməsi ilə nəticələnən uğurlu əməliyyatda rolu vardı. Surət Hüseynovun briqadasında o dövr üçün müasir helikopterlər vardı ki, milli ordu üçün o helikopterlər əlçatmaz idi.

Surət Hüseynovun ruslarla əlaqələri qısa müddətdə onun Rusiya kəşfiyyatının oyuncağına, “Şerbakın uşağına” (Gəncədə yerləşmiş 104-cü hava-desant diviziyasının komandiri) çevrilməsinə səbəb oldu.

Elçibəyin rus qoşunlarının çıxarılması barədə qərarı ilə “Şerbakın uşağı” iqtidara qarşı müxalif oldu. Surət Hüseynovun geniş maliyyəsi, hərbi gücü olduğunu nəzərə alsaq, bu, olduqca təhlükəli idi.

Surət Hüseynov dövlət siyasətinə qarşı kəskin mövqe ortaya qoyurdu, Rusiyanın sifarişlərini yerinə yetirən “ən güvəndiyi” adama çevrilmişdi.

Surət Hüseynov ilk dəfə 1993-cü ilin yanvarında milli ordu ilə toqquşma halına gəlmişdi. Həmin vaxt DİN rəhbəri, ordu içində xüsusi nüfuzu olan, Surətin öz dilində və onun məntiqi ilə danışmaq xarakterinə malik İsgəndər Həmidovun müstəsna xidməti sayəsində qardaş qırğınının qarşısı alınmışdı.

Bu barədə həmin vaxt İsgəndər Həmidovun yanında olan universitet batalyonunun (ADU-dan müharibəyə yollanan tələbə batalyonu) xatirələri son dərəcə dəhşətlidir.

Surət Hüseynovun korpusunu mühasirəyə alan əsgərləri durduran, təkbaşına, nümayişkaranə tərzdə silahını təhvil verib, mühafizəçilərini belə qapı arxasında qoyaraq Surət Hüseynovun sığındığı hərbi hissəyə girən İsgəndər Həmidov olmuşdu. Bir neçə saatlıq müzakirələrdən sonra isə hərbi hissənin qarşısında Surət Hüseynovla qucaqlaşması hər iki tərəfə “azad” komandası olmuşdu.

Azərbaycan qardaş qırğınından 1993-cü ilin yanvarında bu cür xilas olmuşdu – ancaq bu, müvəqqəti idi. Çünki Surətin iddiaları Rusiyanın təhriki ilə sürətlə boyuna, siyasi təfəkkürünə və dünyagörüşünə qətiyyən uyğun gəlməyəcək səviyyədə böyüyürdü.

Daha nələr xatırlayıram?

Milli ordunun, özünümüdafiə batalyonlarının döyüşləri zamanı 709-cu briqada ilə, indiki dillə desək, “logistik əlaqələrin” itməsi, Surətin korpusunun bir çox məqamda əsgərlərimizə dəstək göstərməməsi, onların məğlub olmasına şərait yaratması və s.

2 aprel 1993-cü il Kəlbəcərin itirilməsi bu konfliktin ən faciəvi nəticələrindən biri idi.

Özünümüdafiə batalyonlarının ləğvi haqda Əbülfəz Elçibəyin 30 aprel tarixli sərəncamının məqsədi də budur – çox təəssüf ki, sonradan AXCP guya 33 özünümüdafiə batalyonunu Heydər Əliyevin ləğv etdirdiyini deyərək, Qarabağı müdafiəsiz qoyması və işğalın qarşısında dayanmamaqda ittiham edəcəkdilər. Halbuki bu qərarı Elçibəy imzalamışdı və ağır da olsa, doğru qərar idi. Çünki özünümüdafiə batalyonları özbaşına, “müstəqil” vuruşurdular, başıpozuqluq isə ümumi müqaviməti qurmağa, hərbi əməliyyatlar aparmağa imkan vermirdi. Əvəzində özünümüdafiə batalyonları siyasi çıxışlarla, hər biri bir güc olmaqla mərkəzi hakimiyyəti və müharibənin idarə olunmasını məhv edirdilər.

Surət Hüseynovun qiyama hazırlaşdığı haqda Bakıda məlumat vardı. 709-cu briqadanın ləğvi barədə Ali Baş Komandan qərar verdi – Surət Hüseynov isə onu icra etmək əvəzinə hərbi hissəyə çəkilib, ciddi müqavimətə başladı.

Bu, artıq faktiki olaraq qiyam idi, dövlətə qarşı çıxmaqdı. Qiyamı beşiyindəcə boğmaq barədə AXC hakimiyyətinin qərarı isə həm siyasi, həm də hərbi baxımdan rüsvayçı hazırlanmışdı – qeyri-peşəkarların hazırladığı “əməliyyat” başlamadan iflasa uğradı.

Yeri gəlmişkən, həmin vaxt İsgəndər Həmidov artıq vəzifədən ayrılmışdı.

Surət Hüseynovun əmrə tabe olmamasının, hərbi hissəni təhvil verməməsinin səbəbi də Rusiyanın oyuncağı olması idi. Ancaq dəhşət həm də onda yaşandı ki, bəzi siyasi partiyalar Surət Hüseynovun hərbi dirənişindən hakimiyyət dəyişikliyi üçün sui-istifadə etmək qərarı verdilər və yaxud Rusiyanın sifarişi ilə qiyamı dəstəklədilər. Nəticədə onsuz da bir il müddətində ciddi reytinq itirən, xalq arasında nüfuzu sıfra yaxınlaşan hakimiyyətə qarşı Surət Hüseynovun ayaqlanması başladı. Qarabağda savaşası bütün qüvvələri Bakıya doğru yönəldən Surət Hüseynov heç bir müqavimətlə üzləşmədən, rayonları bir-bir işğal edib, öz adamlarını təyin etməklə Navahiyə qədər gəlib, orda post qurdu.

Rusiya paralel olaraq cənubda Ələkrəm Hümbətovu meydana atmışdı və Ələkrəm Hümbətov da Qarabağdan əsgərlərini çıxarıb, cənub rayonlarını ələ keçirmişdi.

Ölkənin şimal-şərqində və şimal-qərbində xüsusi toxunmaq və hallandırmaq istəmədiyimiz daha iki “milli münaqişə ocağı” tam formalaşmışdı, aktiv fazaya keçməsi üçün Şimaldan əmr gözləyirdilər.

Ölkə faktiki olaraq param-parça olmuşdu, qiyam sürətlə vətəndaş müharibəsinə doğru irəliləyirdi.

Məhz bu məqamda bütün ətrafının iradəsinə rəğmən, Elçibəy bu millətə növbəti və son, bəlkə də ən böyük xidmətini göstərdi: Heydər Əliyevi təkidlə Bakıya çağırdı.

Bu qərarı Elçibəy tək verməmişdi və biz yalnız sonradan biləcəkdik ki, Türkiyə Prezidenti Süleyman Dəmirəlin bunda müstəsna xidməti olmuşdu. “Azərbaycanı xilasın bircə yolu var – Heydər Əliyevi çağır” – Dəmirəl illər sonra Elçibəyə bu sözləri dediyini efirdə bəyan etdi.

Rusiya və İranın bu böyük oyununa qarşı duracaq yalnız bir adam vardı – bu da tarixi şansımızdandır.

Elçibəy daha bir müdrik addım atdı: Gecə ilə çıxıb getdi. Çünki yerin yiyəsi gəlmişdi; O, bacaracaqdı, Elçibəyin qalması isə Heydər Əliyevə yalnız mane ola bilərdi.

Heç bir qüvvəsi yox idi – arxasında ciddi hərbi qüvvə dayanmırdı, Heydər Əliyev təkbaşına, təkcanına dərhal işə keçdi: Surət Hüseynovla Gəncədə görüşdü, ona hakimiyyət bölgüsü təklif etdi, qiyamı dərhal yatırdı.

Anında “cənub əməliyyatına” başladı: Hərbi hissəyə sığınan Ələkrəm Hümbətova qarşı kütləvi aksiyalar təşkil etdi, xalq özü hərbi hissəni mühasirəyə aldı, inanılmaz bir əməliyyatla, bircə itki vermədən, ən qısa müddətdə Ələkrəm Hümbətov oyunu bitirdi – bu, 1993-cü ilin 22-23 avqustunda oldu.

Ələkrəm bir neçə silahlı ilə meşəyə qaçmağa məcbur qaldı və onun qaçmasına da göz yumuldu – belə lazım idi.

Surət Hüseynov 31 iyunda Britaniyada bağlanacaq neft sazişini məhv etdi – Rusiyanın planı idi. Elçibəy iqtidarı işğalı dayandıracaq və hakimiyyətini möhkəmləndirəcək sazişi imzalaya bilmədi.

Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsinin Heydər Əliyevlə şəxsi rəqabəti vardı: Politbüro üzvü, nəhəng Heydər Əliyevi həzm edə bilmirdi; “Azərbaycan planı”nın qarşısında Heydər Əliyevi görüncə “son hücuma” əl atdı.

Yeltsin və KQB yaxşı bilirdi ki, neft kəmərləri hansı marşrutla keçəcək – məqsəd o marşrutların keçəcəyi əraziləri işğal etmək, Azərbaycanı Novosibirsk marşrutuna – yəni Rusiyaya möhtac qoymaq idi.

1993-cü ilin payızında ölüm-dirim savaşı da buna görə başladı.

Bu savaşda Heydər Əliyev bir daha xalqa müraciət etdi: “dünən” döyüşmək istəməyib cəbhədən geri qayıdanlar Heydər Əliyevin çağırışı ilə cəbhəyə yollandılar. Onların sayı 50 mindən çox oldu.

1993-cü ilin dekabr, 1994-cü ilin yanvar savaşında o zaman üçün hələ formalaşmayan, qurulmayan, zəif, ancaq Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun necə qəhrəmanlıqlar etdiyini yalnız təsəvvür etmək mümkündür.

Rusiyanın iki batalyonla birbaşa yardım etdiyi, bütün texnikasını verdiyi ermənilər bir addım da irəli gedə bilmədilər, əksinə, bir çox mövqeləri əldən verdilər.

Detallar üçün Eldar Namazovun müsahibəsinin linkini atıram bura, ordan izləyin!

Nəhayət, atəşkəs sazişi – 12 may 1994. Bunun ardınca isə KQB-ni mat qoyan 20 sentyabr 1994-cü il gedişi – Neft sazişi.

Vəfa Quluzadə 2014-cü ildə, sazişin üzərindən 20 il keçəndən və məxfilik qrifi qalxandan sonra etiraf etmişdi. Demişdi ki, Heydər Əliyev KQB-nin neft sazişi ilə bağlı bütün detalları öyrənəcəyi, Rusiyanın buna imkan verməyəcəyini çox yaxşı bilirdi. Ona görə də inanılmaz addım atdı.

Gülüstan sarayında beynəlxalq şirkətlərlə görüşdə qəfildən saziş imzalandığı elan edildi, rəsmi mərasim baş tutdu.

Sənədlər imzalananda heç bir detal müəyyən edilməmişdi. Yəni müqavilə-filan hazır deyildi, Heydər Əliyev ümumi sözlərdən ibarət bir sənəd imzalamışdı, detallar saziş imzalanandan sonra hazırlanacaqdı.

Ona görə Rusiya bu saziş imzalananda şoka düşmüşdü – çünki müqavilənin hazır olmadığını bilirdi.

Rusiyanın Bakıdakı ovaxtkı səfiri Kazimirovun Vəfa Quluzadəyə “bizi aldatdınız” deməsi də möhtəşəm tarixi gedişin etiraf möhürü idi.

Rusiya bunun qisasını cəmi iki həftə sonra almağa girişdi – yenə Surət Hüseynovun əli ilə, yeni eyni ssenari üzrə.

Ancaq indi hakimiyyətdə Heydər Əliyev idi – başlayan günü də bu qiyamı yatırdı.

Surət Hüseynov vəzifədən kənarlaşdırıldı, dəstəsi əhəmiyyətli dərəcədə zərərsizləşdirildi. Ancaq bu, kifayət deyildi – təhlükə qalırdı. Ona görə də Surət Hüseynovun qaçışına şərait yaradıldı – çünki bu, onun günahının etirafı olacaqdı. Və əlbəttə ki, geri qaytarıldı, mühakimə edildi və bütün dəstəsi silindi!

Surət Hüseynov bu ölkənin dövlətçiliyinə ən ağır zərbə vuranlardan idi – bilərəkdən, yaxud bilməyərəkdən. O, ölüncə kimlərin əlində oyuncaq olduğunu və bu ölkəyə nələr yaşatdığını anlamadı.

Halbuki vətənpərvər idi, ürəkli idi – sadəcə, boyunu aşan ambisiyaları onu Rusiyanın nökərinə çevirdi, dövlətçiliyimizin qəsdinə durdu.

İndi onu “xalqımızın qəhrəman oğlu” adlandıran, Surət Hüseynov qiyamı zamanı qaçıb onun yanına sığınan, Heydər Əliyevdən vəzifə almağa can atanlar mahiyyət etibari ilə Surət Hüseynovdan fərqlənmirlər – onlar da kiminsə quludurlar və hazırda da bu “qulluğu” davam etdirirlər.

Onları da Heydər Əliyev cəzalandırdı – əvvəl vəzifə vermək, sonra çıxarıb atmaq və içəri soxmaqla.

Heydər Əliyev Elçibəyin bacarmadıqlarının hamısını etdi!

Heydər Əliyev Elçibəyə xəyanət edənlərin hamısını cəzalandırdı!

İlham Əliyev isə Elçibəyin dilə gətirdiyi, heç vaxt edə bilməyəcəyi xəyalını gerçəkləşdirdi.

Elçibəy nə deyirdi? “Sərhədləri bağlayacağıq, Qarabağdakı separatçı ermənilər təslim olmağa məcbur olacaq”.

Elçibəy heç vaxt sərhədləri bağlaya bilmədi.

Sərhədləri Heydər Əliyevin tökdüyü sütunların üzərində dayanan İlham Əliyev bağladı – Elçibəyin bu sözlərindən 29 il sonra.

Elçibəyi sevənlər gecə-gündüz Heydər Əliyevə rəhmət oxumalıdırlar!

Bax, belə:

Ələkrəm Hümbətov öldü – Allah Heydər Əliyevə rəhmət eləsin!

Surət Hüseynov öldü – Allah Heydər Əliyevə rəhmət eləsin!

Azərbaycan 1993-dən xilas oldu – Allah Heydər Əliyevə rəhmət eləsin!

Və… Və… Və…

Və Şuşa alındı – Allah Heydər Əliyevə rəhmət eləsin!

Teqlər: