Suraxanıda son bir ayda 100-dən artıq narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1
ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz
dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, aşkar
edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət
işləri başlanılıb.

Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs,
15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri
seçilib. Onlardan ümumilikdə 21 kiloqram narkotik vasitə və
psixotrop maddə aşkar edilib. Saxlanılardan 11-i birbaşa olaraq
Suraxanı və paytaxtın digər ərazilərində narkotik maddələrin
satışına nəzarət edən şəxslər olublar.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin
əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur,
Əmircan və Yeni Günəşli qəsəbələrində yerləşən evlərdən,
mağazalardan, ödəmə terminallarından, kitabxanalarda silsilə
oğurluqlar edən, habelə binalarda liftlərin əyləc dolaqlarını qarət
edən 9 cinayətkar qrupun 14 nəfərdən ibarət üzvü saxlanılıb. Bu
şəxslərin həmin ərazilərdə yerləşən 36 ev və obyektdən pul,
qızıl-zinət, məişət və digər əşyalar oğurladıqları müəyyən
edilib.

Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis
İdarəsində araşdırmalar davam etdirilir.

Teqlər: