Sülh razılaşmalarında Ukraynaya zəmanət mexanizmi olmalıdır – Zelenski

Sülh sazişləri Ukrayna üçün effektiv zəmanət mexanizmini təmin
etməlidir və biz Londonun bu prosesdə əsas rol oynayacağını
gözləyirik.

AzerTimes-ın məlumatına görə, bunu Kiyevdə Böyük Britaniyanın baş
naziri Boris Consonla birgə mətbuat konfransında Ukrayna Prezidenti
Volodimir Zelenski deyib.

“Sülh razılaşmaları dövlətimiz üçün effektiv zəmanət mexanizmini
təmin etməlidir. Biz bu gün də bunu ətraflı müzakirə etdik. Biz
Londonun bu prosesdə əsas rol oynayacağını gözləyirik. Ukraynada
sülhə nail olmaq bizim gələcək ümumi qələbəmiz olacaq”, – deyə
V.Zelenski bildirib.

O həmçinin qeyd edib ki, B.Consonla danışıqlar zamanı sülhə nail
olmaq yolunda səylərin cəmlənməsinin vacib olduğu əsas istiqamətlər
müzakirə edilib, əsas vəzifələr müəyyən edilib və gələcək işlər
əlaqələndirilib.

“Biz qoşunlarımızın müdafiə qabiliyyətinin gücləndirilməsində,
həm Ukraynada, həm də dövlətimizdən kənarda vətəndaşlarımıza dəstək
olmaqda, ölkənin bərpasında dövlətimizin maksimum dəstəyini
möhkəmləndiririk”, – deyə Ukrayna prezidenti əlavə edib.