Stokholmda Azərbaycan icması ilə görüş keçirilib (FOTO)

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Stokholmda
Azərbaycan icması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata
görə, tədbirdə Komitə sədri Fuad Muradov, ölkəmizin İsveçdəki
fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, Stokholm və digər
şəhərlərdə yaşayan azərbaycanlılar və türk diasporunun
nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan
tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan səfir Zaur Əhmədov müasir Azərbaycan
tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı,
Ermənistan silahlı birləşmələrinin törətdiyi kütləvi qırğına
beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi istiqamətində
Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyət barədə
ətraflı danışıb.

İndiyədək Xocalı soyqrımı həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində DİDK-nın və diaspor təşkilatlarının
gerçəkləşdirdiyi layihələrə və gördüyü işlərə diqqəti cəlb edən
Komitə sədri bildirib ki, bu il DİDK-nın dəstəyi ilə dünyanın 40
ölkəsində Xocalı soyqırımına həsr olunmuş 150-yə yaxın tədbirin
keçirilməsi nəzərdə tutulub.

Sonra DİDK-nın 2021-ci il üzrə fəaliyyət istiqamətləri və həyata
keçirdiyi layihələr barədə videohesabat təqdim edilib.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının İsveç üzrə
əlaqələndiricisi İradə Əliyeva-Söderberg Azərbaycan icmasının
mütəşəkkil fəaliyyətinə nail olunması istiqamətində əldə olunan
uğurları sadalayıb, pandemiya məhdudiyyətlərinin istənilə sahəyə, o
cümlədən diaspor sahəsinə mənfi təsirindən söz açıb,
soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası məsələsində
irəliləyişlərin olduğunu nəzərə çatdırıb.

Tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

Teqlər: