Əvvəlki “Qarabağ”la indikini yalnız cavab oyunundan sonra müqayisə edə bilərəm.
AzerTimes xəbər verir ki, bunu Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov Bakıda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, geri çəkilmələri səfərdə oynamaqla bağlı idi: “Komandanın öz meydanında oynaması üstünlükdür. Azarkeşlər də öz futbolçularını irəli səsləyirdilər. Buna görə müəyyən anlarda müdafiə olunduq. Burada hava şəraiti də rol oynadı. Amma bizim də yaxşı epizodlarımız oldu. Bu da onu göstərir ki, heç də geri çəkilməmişdik”.
59 yaşlı baş məşqçinin sözlərinə görə, həm oyundan, həm də nəticədən razı qalıb: “Komanda bütün lazımi sözləri məndən eşidəcək. Elə şeylər var ki, öz aramızda danışırıq. Bu, ictimaiyyət üçün deyil. Deyəcəyim sözləri növbəti matçda nümayiş etdirəcəyik”.
Çerçesov Rusiyadan yaxşı tanıdığı Ramil Şeydayev haqqında da danışıb: “Ramili çox yaxşı tanıyıram. Amma o, hazırda digər komandada çıxış edir. Ona görə də Şeydayevin çıxışını həmkarım dəyərləndirsə, daha yaxşı olar. Mənim onun oyununu şərh etməyim dügün olmaz”.
O, cavab oyunundakı şansları da dəyərləndirib: “1:1 hesabı onu deyir ki, hər şey yenidən başlayacaq”.
Çerçesov rusiyalı mütəxəssislərin “Ferentsvaroş”un “Qarabağ”ı asanlıqla keçəcəyi ilə bağlı fikirləri haqqında şərh vermək istəməyib: “Mən belə açıqlamalar görməmişəm. Ona görə də fikir bildirmək istəmirəm”.
Mütəxəssis komandasının avrokuboklarda bu mövsüm keçirdiyi əvvəlki matçlara da toxunub: “Artıq 4 və ya 5 oyun keçirmişik. Çox çətin səfər matçlarımız olub. Nəticələr göz qabağındadır. Komandamızda zədəli futbolçular var. Oyunçularıma çox sağ ol deyirəm. Çünki qarşıya qoyulan vəzifələri yerinə yetirirlər”.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 9-da Budapeştdə keçiriləcək.