Soyuq anbar: nə üçündür və bundan kim faydalanacaq?

Elə bir dövrdə yaşayırıq ki, dünyanın hər yerində, həmçinin
ölkəmizdə insanlar supermarketə və ya istənilən ərzaq dükanına
gedərək ilin bütün fəsillərində təzə məhsul tapa bilərlər. Müasir
texnologiyalar sayəsində təzə, tez xarab olan qidaların keyfiyyətlə
bağlı heç bir riskə məruz qalmadan dünyanın bir başından o biri
başına çatdırılması mümkündür. Belə ki, soyuq tədarük zənciri
vasitəsi ilə təzə və idxal olunan məhsulların bolluğuna nail
olunur. Bu mövzudan bəhs edərkən qida məhsullarının saxlanılmasına
imkan yaradan soyuq və dondurulmuş məhsullar üçün nəzərdə tutulmuş
anbarları xüsusi qeyd etməyə dəyər. Bəs nədir soyuq anbarı belə
xüsusi edən? Soyuq anbar müasir, ən yeni avadanlıqların istifadə
olunduğu mürəkkəb texnolojı bir prosesdir və ənənəvi anbardan daha
böyük investisiya tələb edir.

Yəqin təxmin edirsiniz ki, müxtəlif məhsul növləri saxlanılmalı
olduqları temperatur dərəcəsindən və soyuq anbar ilə nəqliyyat
vasitəsi arasındakı müddətdən asılı olaraq fərqli rəf ömrünə
malikdir. Soyuq temperaturda və ya ən azından temperaturuna nəzarət
edilməli olan anbarda saxlanılması mütləq olan məhsullar sırasına
tez xarab olan qida məhsulları, meyvə və tərəvəz, ət və dəniz
məhsulları, süd məhsulları, gül və bitkilər, biofarmaseptik
məhsullar, hətta kosmetika, tekstil məhsulları və müəyyən incənət
əsərləri növləri daxildir.

Soyuq saxlanma prosesi nədir?

Bir istehlakçı kimi təxminən hər gün süd və qatıq, ət və
tərəvəzdən istifadə edirik. Bundan əlavə, aldığımız və istehlakçısı
olduğumuz məhsulların kefiyyəti ilə bağlı daima düşünürük. Məhz bu
səbəbdən məhsulların saxlanılması və onların keyfiyyəti bizim üçün
prioritetdir. Eynilə bizim kimi bu məhsulları istehsal edən
şirkətlər də malların təhlükəsiz şəraitdə saxlanılması üçün
tədbirlər görürlər. Lakin son tendensiya odur ki, artıq bu kimi
məhsulların saxlanılmasına xidmət edən soyuducular soyuq anbarlarla
əvəz olunur.

Soyuq anbar ilk növbədə rəf ömrü qısa olan və adi şəraitdə
saxlanıldıqda xarab ola bilən malları saxlamaq üçündür. Bu qida
məhsulları optimal şəraitdə – ilk növbədə aşağı temperaturlu və hər
məhsul üçün tələb olunan rütubət dərəcəsində – saxlanılır. Demək
olar ki, soyuq anbardakı bütün otaqlar orada saxlanılacaq
məhsullara uyğun şəkildə tərtib olunur və əvvəlcədən konfiqurasiya
edilir. Bəzi soyuq otaqların temperatur və rütubəti ehtiyaca uyğun
şəkildə tənzimlənə bilir.

Bu məsələ ilə bağlı biz nə edə bilərik?

“Araz” supermarketlərindəki və “Oba” marketlərindəki bütün
müştərilərimiz üçün məhsulların keyfiyyəti və təzəliyini
təkmilləşdirmək ilə bağlı düşündükdə, öz soyuq anbarımızı yaratmaq
qərarına gəldik. Bu logistik mərkəz Bakı şəhəri yaxınlığındakı
Məhəmmədi kəndi ərazisində yerləşəcək. Tikinti sürətlə davam edir:
artıq polad tökülüb və növbəti həftələrdə daha təməlli işlər
başlayacaqdır. Soyuq anbarın 2022-ci ilin noyabr ayında hazır
olmasını planlaşdırırıq. Bu layihənin vaxtında və ən yaxşı
keyfiyyətlə tamamlanması üçün 25 milyon manat investisiya yatırmaq
öhdəliyi götürmüşük. Bundan əlavə, məhsulların mükəmməl keyfiyyətdə
çatdırılması və yollarda gedilən məsafəni azaltmaq üçün 35 ədəd
ikili temperaturu olan yük avtomobillərinə investisiya
yatırırıq.

Təsiri nə olacaq?

Bu distribusiya mərkəzi 11,000 m2 sahəyə malikdir və
bütün dondurulmuş, təzə ət və süd məhsullarının, həm də meyvə və
tərəvəzin təravətli saxlanılmasına xidmət edəcək. Məhsulların
mükəmməl şəraitdə saxlanılması üçün temperatur və rütubəti
avtomatik tənzimlənəcək və hər hansı bir yayınmalar olarsa mobil
xəbərdarlıq sistemi vasitəsi ilə bu barədə dərhal xəbərdar
olacağıq.

Bu mərkəz vasitəsi ilə həftənin 7 günü ərzində 5000 dükana
xidmət göstərməyi nəzərdə tuturuq. 600 yeni iş yerinin yaradılması
isə bu logistika mərkəzi vasitəsi ilə nail olacağımız önəmli
nəticələrdən biridir. Bu, həm də yerli istedadların peşəkar olaraq
yetişdirilməsi, insanların karyera ilə təmin edilməsi və dünya
səviyyəsində əməliyyatları reallaşdırmaq üçün inkişafı deməkdir.
Biz vahid və xərclər baxımından sərfəli olan distribusiya
mərkəzimiz vasitəsi ilə müştəri bazamınızı yerli və beynəlxalq
təchizatçılar üçün əlçatan edəcəyik. Bu anbar yalnız məhsulların
təravətli saxlanılmasına deyil, eyni zamanda ərzaq təhükəsizliyinə
xidmət edəcək. Biz həmçinin təzə məhsulları hazırlayan
istehsalçılar və fermerlərlə birbaşa əməkdaşlıq edəcəyik.

Böyük şəklə baxsaq deyə bilərik ki, bu mərkəz istehlakçılarla
daha geniş çeşiddə və yaxşı keyfiyyətli məhsulları münasib qiymətə
əldə etməyə imkan verəcəkdir. Biznesin həcmindən istifadə edərək
müştərilərimiz üçün daha münasib qiymətlərin əldə olunası məqsədi
ilə daha yaxşı danışıqlar apara biləcəyik və beləliklə mağazalara
məhsulları mümkün olan ən uyğun qiymətə çatdırmaq imkanımız olacaq.
Bizim logistika mərkəzimizdə ən müasir avadanlıqlar və dünya
səviyyəli əməliyyatların icrası üçün hər cür imkan var. Amma ən
dəyərli resursumuz bütün Azərbaycanın müxtəlif məhsullarla təmin
olması üçün çalışan peşəkar və zəhmətkeş insanlardan ibarət olan
komandamızdır.

Jalə Əzizova, Veysəloğlu Şirkətlər Qrupu

Teqlər: