Sosial şəbəkələrdə yayılmış video fəaliyyətimizə kölgə salmaq məqsədi daşıyır – Ombudsman Aparatı

Ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan
Respublikasında insan hüquqlarının qorunması haqqında” 2021-ci il
üzrə məruzəsi ilə bağlı çıxışından əvvəl Aparatın kollektivi ilə
birgə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət edib.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, Ombudsman
çıxışında Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsi ilə bağlı vəziyyət, görülmüş işlər, mövcud problemlər,
postmüharibə dövründəki fəaliyyət və qarşıda duran vəzifələrlə
bağlı məsələlərə diqqət çəkib, ölkəmizdə insan hüquq və
azadlıqlarının daha səmərəli təmininə yönəlmiş bir sıra təklif və
tövsiyələr verib.

Həmin gün bir sıra sosial şəbəkələrdə yayılmış video barədə
bildirmək istərdik ki, qeyd olunan video Ombudsman Aparatı
tərəfindən sifariş edilməyib və hazırlanmayıb, Ombudsmanın internet
səhifəsi, eləcə də sosial şəbəkə hesabları daxil olmaqla, heç bir
informasiya resursunda olmayıb. Bu kadrlar xidməti müqavilə
əsasında foto və video çəkilişi xidməti göstərən şəxs tərəfindən öz
təşəbbüsü ilə ayrı-ayrı kadrlardan montaj edilməklə yayımlanıb.

Bu videonun Milli Məclisdə illik məruzə zamanı yayılması
fəaliyyətimizə kölgə salmaq, oxucuya yanlış məlumat çatdırmaqla
əhalini çaşdırmaq məqsədi daşıyır.

Sosial şəbəkələrdə müzakirə edilənlərlə bağlı da qeyd edirik ki,
Ombudsmanın mühafizə xidməti yoxdur, rəsmi tədbirlər zamanı xidməti
maşınından istifadə edir və onu əməkdaşları müşayiət edir.


Hazırda araşdırılmalı məqam isə bu videonun belə qərəzli olaraq
montaj edilməsi və Milli Məclisdə illik məruzənin təqdim edildiyi
gün kimlərinsə sifarişi ilə sosial şəbəkədə paylaşılmasıdır. Bu
videonun süjet olaraq hazırlanması və yayılması nə məqsəd
daşıyır?!

Ölkəmizdə insan hüquqları sahəsində inkişafı qəbul etmək
istəməyən şəxslər də bunu ictimaiyyətə qərəzli təqdim edir. Qeyd
edək ki, Ombudsman ölkədə əhalinin müxtəlif qruplarının insan hüquq
və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində fəaliyyət
göstərir və hər kəsin pozulmuş hüquqlarının bərpası ilə bağlı
Ombudsmana müraciət etməsi üçün əlçatanlıq təmin olunur. Təkcə
2021-ci ildə Ombudsmanın ünvanın 31.092 müraciət daxil olub və
karantin qaydalarına uyğun olaraq, həmin dövrdə 3650-ə yaxın şəxs
fərdi qaydada qəbul olunub.

Eləcə də, postmüharibə dövründə Ombudsman beynəlxalq
ictimaiyyətin diqqətini Ermənistan tərəfindən törədilən müharibə
cinayətləri və beynəlxalq öhdəliklərin yerinə yetirilməməsinə
yönəltmək məqsədilə faktlara əsaslanan ardıcıl hesabat, bəyanat,
müraciət və çağırışlar ünvanlamaqla geniş fəaliyyət həyata keçirir
ki, Ombudsmanın internet səhifəsi və sosial şəbəkə hesabları
üzərindən bu fəaliyyətlə tanış ola və ümumi məqsədlər naminə
yayılmasında dəstək verilə və əməkdaşlıq edilə bilər.

Teqlər: