Son üç ildə əmək müqavilələrinin sayı 30 faizə yaxın artıb – Nazir

2018-ci ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 30 faizə yaxın artım olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu barədə Nazirliyin növbəti kollegiya iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Qeyd edilib ki, əliliyin qiymətləndirilməsi üzrə elektron infrastruktur artıq hərbi səbəblərlə əlaqədar tibbi şəhadətləndirmə sistemini də əhatə edir. Son aylarda tətbiq olunan “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi həmin şəhadətnamələrin təqdim edilməsi prosesinin elektronlaşmasına, nəticədə bu istiqamətdə fəaliyyətin xeyli çevikləşməsinə və tam şəffaflaşmasına imkan verib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sosial sahədə əhaliyə xidmətlərin müasir texnologiyalar üzərində, şəffaf və operativ şəkildə qurulması üçün son illərdə geniş islahatların aparıldığını vurğulayıb. Bu gün artıq Nazirliyin 170 xidmətindən 105-nin elektron şəkildə, o cümlədən 44-nün proaktiv formada göstərildiyini bildirib. Daha 56 xidmətin elektronlaşdırılması, onlardan 20-dək xidmətin proaktiv formada qurulması işlərinin aparıldığını deyib.

“Elektron Hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə xidmətlərə təkcə bu ilin 8 ayında 10,3 milyon, e-sosial.az portalına 6 milyon 850 minə yaxın müraciət edildiyi, 130 minədək pensiya, müavinət, təqaüd təyinatının, 93 min sosial sığorta nömrəsinin açılmasının, 430 minə yaxın arayışın verilməsinin e-qaydada, proaktiv formada icra olunduğu bildirilib. İnformasiya bazalarının inteqrasiyası təmin olunan 31 qurumdan bu ilin 8 ayında Nazirliyin informasiya bazalarına edilmiş sorğuların 86 milyondan çox olduğu qeyd edilib.

S.Babayev reabilitasiya xidmətlərinin keyfiyyətinin artırılması ilə bərabər, bu xidmətlərin şəbəkəsinin genişləndirilməsi işlərinin də davam etdirildiyini, bu il Qəbələ və Şəmkirdə uşaqlar üçün reabilitasiya mərkəzlərinin açılacağını diqqətə çatdırıb. Həmin müəssisələrin nizamnamələrinin, habelə əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri əhatə edən Fərdi reabilitasiya proqramının və abilitasiya tədbirlərinə dair qaydaların hazırlandığını bildirib.

Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən tədbirləri qeyd edən nazir 2018-ci ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 30 faizə yaxın artım olduğunu, son 3 ildə əmək haqqı fondunun 82% artdığını deyib. O, ölkəmizdə himayədar ailə institutunun formalaşdırılması işlərinin davam etdirildiyini deyib.

Nazirlik tərəfindən müvafiq fəaliyyət sahələri üzrə normativ hüquqi aktların hazırlanması və təkmilləşdirilməsi sahəsində fəaliyyətdən də bəhs olunub. Cari ilin ötən dövründə qurum tərəfindən aidiyyəti sahələrə dair 556-dək normativ hüquqi aktın layihəsinin hazırlandığı (3 il əvvəlki müvafiq illik göstəricidən (184 akt) 3 dəfə çox) onlardan artıq 243-nün təsdiq edildiyi bildirilib.

İclasda “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminin tətbiqi, qeyri-formal məşğulluğun qarşısının alınması, yeni e-xidmət və e-təyinat sistemlərinin, altsistem və reyestrlərin hazırlanması sahələrində aparılan işlər, BMT-nin Əhali Fondu və Çexiyanın Karlov Universiteti ilə birgə icra edilən əhali proqnozlarının hazırlanması üzrə layihənin icrası, beynəlxalq əməkdaşlıq sahələrində aparılan işlər müzakirə edilib. Həmçinin Dövlət qulluğu və kadr məsələləri, Hüquq şöbələri tərəfindən cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsi aparılıb.

Teqlər: