Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalı start
götürüb.
2018-ci ildən başlayaraq hər il keçirilən festival Türkiyədən
kənarda ilk dəfə Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı
Dənizkənarı Bulvar ərazisində təşkil olunub.
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının
təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya
Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR “TEKNOFEST
Azərbaycan” festivalında öz stendi ilə təmsil olunur. Stend
SOCAR-ın 2035-ci ilədək korporativ strategiyası əsasında tərtib
olunub. Burada şirkətin ənənəvi fəaliyyət istiqamətləri ilə yanaşı,
enerji keçidi, rəqəmsallaşma, innovasiyalar, vençur kapital
sərmayələri kimi yeni üfüqlər barədə də məlumat verilir.
Stenddə Azərbaycan-Türkiyə qardaşlığının ən gözəl nümunələrindən
olan “SOCAR Türkiyə” ilə bağlı da önəmli təqdimatlar yer alıb.
Burada “STAR” neft emalı zavodunun və “Petkim” neft-kimya
kompleksinin əraziləri “3D xəritələnmə” layihəsi ilə tam
rəqəmsallaşdırılmış formada nümayiş etdirilir. Həmçinin zavodun,
onun qurğularının vəziyyətini yoxlayan ağıllı texnologiyalar,
xüsusi dronlar festival ziyarətçiləri tərəfindən maraqla
qarşılanır.
Burada, həmçinin “SOCAR Ar-Ge Proses Sistemləri Mərkəzi”nin
fəaliyyət sahələri ilə bağlı məlumat təqdim olunur. Qeyd edək ki,
Mərkəz 3D printerlərlə müxtəlif sənaye sahələri üçün bir sıra
ehtiyat hissələri hazırlayır. Habelə ziyarətçilər stenddə
katalizator analizi cihazı və digər önəmli layihələrlə də tanış
olurlar.
Stenddə müasir texnologiyaları tətbiq etməklə neft və qaz
hasilatının artırılması istiqamətində əldə olunan nailiyyətlər,
eyni zamanda, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, şirkətin
İnformasiya texnologiyaları və rabitə idarəsinin rəqəmsallaşma ilə
bağlı layihələri, SOCAR-ın enerji keçidi ilə bağlı gələcək planları
barədə məlumatlar təqdim edilir.
Neft kapitalının insan kapitalına çevrilməsi məqsədinə xidmət
edən Bakı Ali Neft Məktəbi və onun startap layihələri ilə bağlı
təqdimatlar da SOCAR-ın stendində yer alıb.
Qeyd edək ki, festival mayın 29-da başa çatacaq.