SOCAR karbamidin əsas ixrac bazarlarını açıqlayıb

SOCAR-ın istehsal etdiyi karbamidin ötən il əsas ixrac olunduğu
ölkə Braziliya idi. Bundan başqa Rusiya, Türkiyə və Rumıniyaya
təxminən eyni civarda – 32 000-35 000 ton karbamid ixrac olunub.
İtaliya, Bolqarıstan, Albaniya kimi ölkələrə də ixrac həyata
keçirilib.

Trend xəbər verir ki, bunu SOCAR-ın karbamid zavodunun direktoru
Xəyal Cəfərov deyib.

“Qablaşdırılmamış karbamid anbarının tutumu təxminən 60 min
tondur. Yəni, bu bizim aylıq istehsal gücümüzə bərabərdir.
Karbamidin tərkibində 46 faiz azot var. Yerli karbamidin
tətbiqindən sonra müəyyən sahələrdə məhsuldarlıq 4 dəfəyə qədər
artıb və ekoloji nöqteyi-nəzərdən çox təhlükəsiz bir gübrədir.
Karbamidi asanlıqla uzaq məsafələrə ixrac etmək olar.

SOCAR-ın karbamid zavodunun təməli 2011-ci ildə qoyulub. Zavodun
layihələndirilməsi və tikintisini Cənubi Koreyanın “Samsung
Engineering” şirkəti həyata keçirib. 2019-cu ilin yanvarında
istismara verilən karbamid zavodu gündəlik iki min ton, illik isə
660 min tona kimi karbamid istehsal etmək iqtidarındadır.
Sumqayıtın kimya-sənaye parkında 40 hektara yaxın ərazidə yerləşən
zavod ammonyak istehsalı, karbamid istehsalı və köməkçi qurğular
sahələrindən ibarətdir”, – deyə o əlavə edib.

Teqlər: