SOCAR ilə Mingəçevir Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Aprelin 15-də SOCAR və onun “Cənubi Qafqaz Boru Kəməri
Şirkəti”ndəki (CQBK) tərəfdaşları ilə Mingəçevir Dövlət
Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalanıb.

Memorandumu “SOCAR Midstream”in icraçı direktoru Fuad Əhmədov və
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov
imzalayıblar.

“SOCAR Midstream”in təhsil sahəsindəki sosial layihələri barədə
məlumat verən Fuad Əhmədov bildirib ki, iqtisadiyyat, biologiya və
kimya fənləri üzrə 8 dərslik Azərbaycan dilinə tərcümə edilib. O,
həmçinin Massaçusetts Texnologiya İnstitutunun “Məlumat,
İqtisadiyyat və İnkişaf Siyasəti”, “MikroMaster” proqramları üzrə
Azərbaycan Dövlət İqtisad Universiteti ilə aparılan əməkdaşlıq, 7
universitetdə “SABAH” qrupuna daxil olan və magistratura səviyyəsi
üzrə təhsil alan 372 tələbə üçün “IELTS” hazırlıq kurslarının
təşkili barədə məlumat verib. Qeyd olunub ki, Mingəçevir Dövlət
Universiteti ilə imzalanan Anlaşma Memorandumu neft kapitalının
insan kapitalına çevrilməsi istiqamətində Azərbaycanın və regionun
dayanıqlı inkişafını dəstəkləyəcək.

Mingəçevir Dövlət Universitetinin təhsil prioritetlərindən
danışan Şahin Bayramov qeyd edib ki, “SOCAR Midstream” ilə
əməkdaşlıq təhsilin inkişafına, müasir tələblərə cavab verən yüksək
səviyyəli mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək.

Memorandumda Mingəçevir Dövlət Universiteti və “SOCAR Midstream”
arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, mövcud
potensialın gücləndirilməsi və yüksəkixtisaslı kadrların
hazırlanması məsələləri əksini tapıb.

Teqlər: